Lənkəran Regional Elmi Mərkəzində yeni kitab işıq üzü görüb

Lənkəran Regional Elmi Mərkəzində yeni kitab işıq üzü görüb

AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) yaranması, fəaliyyət istiqamətləri və təşkilatın son beş illik elmi fəaliyyəti ilə bağlı nəfis şəkildə yeni kitab çapdan çıxıb. SİA-nın məlumatına görə, “AMEA Lənkəran Regional Elmi mərkəzi (2015-2020): Uğurlu nəticələr, yeni hədəflər” adlı kitabda Lənkəran REM-nin 2005-ci ildə yaradılmasına baxmayaraq faktiki fəaliyyətə başladığı son beş il ərzində burada görülən işlərə ətraflı işıq salınır. Kitabda dövlətimizin elm siyasəti, elmə dövlət qayğısı, bu yöndə Lənkəran REM-də aparılan elmi tədqiqat işləri barədə ətraflı söhbət açılır.

Mərkəz əməkdaşlarının ötən 5 il ərzində işlədikləri mövzu və problemlər, bu sahədə əldə etdikləri nəticələr rəngli şəkillər və diaqramların müşayiətilə oxucuların diqqətinə çatdırılır. Kitabda 2018-ci ildə qəbul edilən çayçılıq və sitrusçuluqla bağlı Dövlət Proqramlarının elm qarşısında qoyduğu vəzifələrə uyğun olaraq “Respublikanın Əməkdar Aqronomu”, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyevin rəhbərliyi altında Mərkəzdə aparılan elmi-tədqiqat işləri və son illər əldə edilən uğurlu nəticələr, xüsusən bu müddət ərzində 4 yeni çay sortunun rayonlaşdırılması və istehsalata tətbiqi, yeni limon və naringi sortlarının yaradılması barədə geniş məlumat verilir. Çay, limon, naringi, quayava və digər bitkilərin dünya miqyasında yayılması, istifadəsi və Azərbaycanda introduksiya edilməsi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə birgə “Sitrus bitkiləri genefond bağı”nın yaradılması, bölgənin fenotik-floristik xüsusiyyətlərinin öyrənilməsi barədə maraqlı faktlar, həmçinin cənub bölgəsində qədim yaşayış məskənlərinin, arxeoloji abidələrin, kurqan və numizmatik materialların aşkar edilməsi və mühafizəsi ilə bağlı görülən işlərdən geniş söhbət açılır.

LREM-nin direktoru, professor Fərman Quliyevin “AMEA Lənkəran Regional Elmi Mərkəzinin inkişaf perspektivləri, gələcək hədəflər” sərlövhəli məqaləsi isə Azərbaycan dövlətinin və AMEA rəhbərliyinin elmi təşkilatlar qarşısında qoyduğu əsas vəzifələri özündə ehtiva edərək Mərkəzin bundan sonrakı fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.

Kitabın rəyçisi professor Fərman Quliyev, tərtibçiləri AYB-nin üzvü Sərraf Talıbov və Azər Quluzadədir. Kitabın redaktoru S.Talıbovdur.

246 səhifəlik kitab “Ekoprint” nəşriyyatında çap olunub.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə