Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib
Martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə keçirilən iclasda konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb. Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, 9 fevral parlament seçkilərinin nəticələrini təsdiq edib.
Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir. Məhz 9 fevral 2020-ci il tarixində keçirilən növbəti parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarı da bir daha Azərbaycan parlamentinə seçkilərin nəticələri ölkəmizdə mövcud şəffaf, demokratik, ədalətli seçkilər ənənəsinin getdikcə daha da dərinləşib möhkəmləndiyini göstərdi. Məhz bunun nəticəsidir ki, seçicilər parlament seçkilərində çox fəal iştirak etdilər. Belə ki, bu seçkilərdə seçicilərin yarıdan çoxu səsverməyə qatılıb, azad və sərbəst şəkildə Milli Məclis deputatlığına layiq bildiyi namizədlərə səs verdi.
Əli Əhmədov: "Yeni parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq"
Baş nazirin müavini, YAP İcra katibi Əli Əhmədov bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin çoxluq təşkil etdiyini bildirərək, yeni tərkibdə fəaliyyətə başlayacaq parlamentin ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacağını bildirib: "Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib. Seçkilərdə uğur qazanıb Milli Məclisə seçilən bütün millət vəkillərini təbrik edirəm".
Ə.Əhmədov bildirib ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının 70 nümayəndəsinin parlamentdə təmsil olunması hüququ qazanması, hər şeydən əvvəl, seçicilərin Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə dərin inamının ifadəsi kimi qiymətləndirilməlidir: "Milli Məclisə keçirilən seçkilərin nəticələrinin ortaya qoyduğu digər mühüm həqiqət insanlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və yenidənqurma kursunu dəstəkləməsində ifadə olunur. İnanıram ki, artıq yeni tərkibdə fəaliyyətə başlayacaq parlament ölkəmizdə uğurla həyata keçirilən islahatların tərkib hissəsi olacaq".
Parlament seçkilərinin qeyd edilməli digər nəticəsi "boykotçuların" ağır məğlubiyyətə uğraması ilə bağlı məsələyə toxunan Ə.Əhmədov bildirib ki, xalqdan dəstək ala bilməmək cəmiyyətimizdə radikalizmə yer olmadığını bir daha göstərdi : "Radikalların xalqdan heç bir dəstək ala bilməməsi danılmaz faktdır".
Bu qələbə xalqın iradəsinin qələbəsidir
Bəli, hər bir qələbə xalqın iradəsi nəticəsində əldə olunur. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına etimad və inamın qələbəsidir. Artıq seçkinin keçirildiyi 9 fevral günü seçici fəallığının nəticələrinə əsaslanaraq, tam qətiyyətlə demək olar ki, Azərbaycan vətəndaşları öz seçimlərində səhv etməyiblər. Öncədən də bu faktor gözlənilən idi.
Təəssüf doğuran odur ki, dağıdıcı müxalifətin təmsilçiləri, ötən seçkilərdə olduğu kimi, bu dəfə də "ənənə"lərinə sadiq qalaraq, çirkin niyyət və əməllərini həyata keçirmək istəsələr də, seçkilərdə acınacaqlı məğlubiyyətə düçar oldular. Çünki bugünkü müxalifət 92-ci ildəki seçki ab-havası ilə yaşayır. 9 fevralda keçirilən parlament seçkiləri Azərbaycanın demokratik yolunda inamla irəlilədiyini bir daha sübut etdi və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirildi. Çünki yekun sözü, məhz xalq dedi.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB