Prezident İlham Əliyev: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır"
Məhz Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə, son 16 ildə özünü dəfələrlə təsdiqləyib. Son 16 il ərzində, Azərbaycanda həyat günbəgün dəyişir. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Dəyişən təkcə Azərbaycanın gözlə görünən reallıqları deyil, eyni zamanda, insanların düşüncələri də dəyişib. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam hər il, görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha bağlılıq daha da artır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
16 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bax, budur uğurlu siyasət!
"Əsl siyasət konkret real iş görməkdir"
Bəli, bu, həqiqətən də, belədir. "Əsl siyasət konkret real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərini sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıq yaranır.
Bəli, bu Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının əsl siyasətidir. Dövlət başçısı növbəti dəfə nümunə ola biləcək addım ataraq, bir daha gənclərə öz tövsiyəsini verdi: böyüyə yer vermək lazımdır. Bu fakt, bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missiya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.
Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim məmurlara nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.
Prezident İlham Əliyev İsmayıllı və Neftçala rayonuna yeni təyin etdiyi icra başçılarını qəbul edərkən, onlara fəaliyyət planı verdi. Bu aktoru da dönə-dönə vurğulamaq lazımdır ki, dövlət başçısı hər bir rayonun sosial-iqtisadi coğrafiyasını yeni başçılara təqdim etməklə, əslində, onlara yol xəritəsi göstərir. Növbəti görüşdə də, bu, bir daha sərgiləndi. Daha dəqiq desək, yeni rayon başçıları vəzifələrinin konkret nələrdən ibarət olduğu barədə aydın mesajlar aldılar.
"Gənclərə yol açmalı, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidir"
Dövlət başçısı bildirib ki, biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidir. Eyni zamanda, görüş zamanı onları xalqa xidmət etməyi, bütün xoşagəlməz hallara son qoymağı tələb edib: "Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə, rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı, bütövlükdə, doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə, bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır".
"Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır"
Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti hələ də anlamayan rüşvətxorların olduğunu da deyib: "Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var. Neftçala rayonunda aparılmış xüsusi əməliyyat onu bir daha göstərdi. Xalqın gözü önündə bu biabırçı mənzərə bir daha göstərdi ki, əfsuslar olsun, bizim bəzi yüksək ranqlı məmurlar, nəinki xalqın və dövlətin etimadını doğrultmurlar, onların hərəkətləri ikrah hissi doğurur. Bütün bu sübutlar göz qabağındadır, nümayiş etdirilən videogörüntülər, sadəcə olaraq, bəzi məqamları işıqlandırır. Ancaq Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı".
Dövlət başçısı onu da vurğulayıb ki, belə rüşvətxorlar, belə tamahkar insanlar ən ağır cəzaya məhkum olmalıdırlar: "Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq-mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə, bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq".
Prezident İlham Əliyev Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətlərinin xalqda nifrət hissi oyatdığını da deyib: "Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir. Yəni bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.
"Bəzi hallarda bəzi rayonlarda vəsait qoymaq istəyən investora süni əngəllər yaradılır”
Dövlət başçısı, həmçinin, yeni təyin olunan icra hakimiyyətləri başçılarına fəaliyyət planı da verib: "Sizin işiniz, əsasən, rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər".
Dövlət başçısı bildirib ki, rayonların potensialı eyni deyil: "Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq, hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər.
Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə, bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız”.
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB