Tibbi maska və spirt çatışmazlığı, yoxsa bəzi şəxslərin “oyunbazlığı”? ARAŞDIRMA - VİDEO
Son günlər koronavirus təhlükəsi əczəxanalarda qoruyucu və dezinfeksiya vasitələrinin qıtlığına və bahalaşmaya səbəb olub. Prezident İlham Əliyev Goranboy rayonuna səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının açılışında da bildirdi ki, ölkədə kifayət qədər maska ehtiyatı olmasına baxmayaraq, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan vətəndaşlar var ki, onlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcək. Paytaxt sakinləri hələ də əczaxanalarda spirt və tibbi maska əldə etmək də çətinlik çəkdiklərini bildirdilər.
.jpg)
Paytaxt sakini Yaqub Mədətov söyləyib ki, hər hansı məhsula tələbat artan zaman bəzi işbazların vəziyyətdən sui-istifadə etməsi təəssüfedicidir: "Həmin şəxslər öz mənafelərini güdərək qiymətləri bilərəkdən bahalaşdırır ki, bu da vətəndaşlar arasında narazılığa gətirib çıxarır. Çox təəssüf ki, yaranan vəziyyətdən sui-istifadə edənlər, xalqın mənafeyini düşünmürlər. Koronavirus bütün dünya üçün bir bəladır. Belə bir vəziyyətdə hər kəs bir-birinə kömək etməlidir. Amma bəziləri nədənsə spirt və tibbi maskanın satışının qarşısını alırlar. Depolardan soruşduqda, kifayət qədər qoruyucu və dezinfeksiya vasitələrinin olduğunu deyirlər. Lakin əczaxanalardan soruşduqda ya olmadığını, ya da az sayda daha baha qiymətə satırlar".
.jpg)
Sözügedən vasitələri əldə etməkdə çətinlik çəkdiyini dilə gətirən gənc Şəhanə Mirzəyeva söyləyib ki, müraciət etdiyi əczaxanalarda maskanın olmadığı deyilsə də, metroda və digər yerlərdə tibbi maskaların pərakəndə satılır: " Əczaxanalarda tibbi maska yoxdur. Pərakəndə satılan tibbi maskaların qiyməti isə dəfələrlə bahadır. Əgər əvvəl tibbi maskanı 10 qəpiyə əldə edirdiksə, hazırda bu vasitə pərakəndə şəkildə 80-90 qəpiyə satılır. Əgər ailədə 10 nəfər varsa, hamını tibbi maska ilə təmin etmək olmur. Problemin qarşısının alınması istiqamətində tədbirlər görülsə yaxşı olar".
.jpg)
Tibbi maskaların hazırlanması ilə bağlı sexin yaradılması təklifini irəli sürən paytaxt sakini Gülxar Hüseynova qeyd edib ki, adi vətəndaşları həmin sexlərə cəlb etməklə problemi aradan qaldırmaq olar: "Tibbi maska və spirtlə bağlı yaradılan qıtlıq bəzi şəxslər tərəfindən qəsdlə edilir. Bunun arxasında əlavə vəsait qazanmaq istəyi dayanır. Maya dəyəri olduqca aşağı olan tibbi maskanın qiymətinin 3 manata qədər bahalaşması yalnız məqsədli ola bilər. Hazırlanması çox asan və maya dəyəri ucuz olan tibbi maskanı insanların özləri də istehsal edə bilər".
.jpg)
Şəhər sakini Tural Hüseynəliyev də ötən gün qoruyucu və dezinfeksiya vasitələrinin qıtlığı ilə rastlaşdığını dilə gətirib: "Dünən bir neçə əczaxanaya girərək tibbi maska və spirt almaq istədim. Amma çox təəssüf ki, bu vasitələrin heç birini satışda yox idi. Bakı ərazisində sözügedən vasitələrlə bağlı qıtlıq var. Olan halda da limitlə satılır. Ona görə də tibbi maska və spirt almaq üçün Sumqayıt şəhərinə getməli oldum. Səbəbini soruşanda dərman şirkətlərinin onları bu vasitələrlə yetərincə təmin etmədiyini bildirirlər. Hətta bəzi əczaxanalarda bu vasitələri almaq üçün əvvəlcədən növbəyə yazılmaq da tələb olunur. Yalnız sifariş edən şəxslər vasitələrlə təmin olunur".
.jpg)
Qoruyucu və dezinfeksiya vasitələrinin qıtlığından narahatlıq keçirdiyini deyən gənc Mehriban Mürsəlova 1 bağlama tibbi maskanı 18 manata əldə etdiyini qeyd edib: "Bir neçə qab spirtlə tibb maskaya 43 manat ödəməli oldu. Əvvəllər çox rahat əldə edəcəyimiz bu vasitələri indi həm çətinliklə, həm də çox baha qiymətə əldə edirik. Nədənsə bəzi şəxslər insanların alıcılıq qabiliyyətinin yüksək olmasından istifadə etməyə çalışırlar. Görünür koronavirusun yayılması kimlərəsə sərf edir. Hazırkı vəziyyətdə insanların ən çox ehtiyacı olduğu vasitələr və dərmanların qiyməti bilərəkdən bahalaşdırılır".
.jpg)
Vətəndaşlarımızın narazılığına aydınlıq gətirmək üçün şəhərin mərkəzində yerləşən bir neçə əczaxanalarda vəziyyətlə tanış olduq. Maska və spirt satışı ilə təminatında problem olmayan əczaxanalarda satışların limit əsasında həyata keçirildiyini müşahidə etdik. Qoruyucu və dezinfeksiya vasitələrinin vətəndaşlara çoxlu sayda satışı həyata keçirilmir. Bunun səbəbini öyrəndikdə əczaxana işçiləri son günlərdə sözügedən vasitələrə kütləvi tələbat olduğu üçün 1 vətəndaşa çoxlu sayda spirt və tibbi maskanın verilməsini digər vətəndaşlara haqsızlıq kimi qiymətləndirdilər. Gündəlik statistikaya görə, koronavirus təhlükəsindən öncə gün ərzində 100 ədəd maskaya, 20-30 ədəd spirtə ehtiyac var idisə, hazırda bir gündə 600-700 ədəd maska, 70-80 ədəd isə spirt satılır. Qiymətlərə gəlincə, tibbi maskaların qiyməti 20 qəpik, spirtin qiyməti isə yerli, Rusiya istehsalı olması ilə əlaqədar 55 qəpik və 2 manat 10 qəpik arasında dəyişir. Bu vasitələrin onlara AzərMed şirkəti tərəfindən təqdim edildiyi bildirildi.
.jpg)
Bəzi əczaxanalarda isə nə spirt, demək olar ki, nə də tibbi maskaya rast gəlmədik. Gördüyümüz mənzərədən məlum oldu ki, dərman şirkətləri bəzi əczaxanaları qoruyucu və dezinfeksiya vasitələri ilə təmin etməkdən yan qaçırlar. AvroMed şirkəti tərəfindən maska və spirtlə təmin olunan bu əczaxanalara yalnız 50 ədəd tibbi maska gətirilir ki, bu da alıcıları təmin etmək üçün azlıq təşkil edilir. Filtirli tibbi maskaların satışı ilə bağlı da vəziyyət eynidir. 1 həftə bundan öncə 3 və ya 3 manat 50 qəpiyə satılan filtirli maskalarla da qıtlıq yaşandığı məlum oldu. Vətəndaşların spirtlə bağlı tələbatına isə "yoxdur" cavabı verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, tibbi maska və spirt çatışmazlığına təkcə paytaxtda deyil, həm də regionlarımızda rast gəlinir: "Hər gün bizə edilən onlarla müraciətdə əczaxanalarda qoruyucu və dezinfeksiya vasitələrinin qıtlığının olduğu bildirilir ki, bu da təbiidir. Çünki, tələb təklifi üstələdikdə məhsulla bağlı qıtlıq, qiymətlərin bahalaşması, hətta bazara keyfiyyətsiz məhsulların daxil olmasına gətirib çıxarır. Narahatlığı yaradan əsas səbəblərdən biri insanların təşvişə düşməsi ilə bağlıdır ki, bunu yaratmaqda maraqlı olan bəzi biznes qüvvələri var. Bütün bunlar biznes etikasına zidd olan addımlardır. Prezident İlham Əliyev də Goranboyda səfərdə olarkən tibbi maska ilə bağlı məsələyə toxunaraq haqlı olaraq problemi yaratmaqda maraqlı olan şəxslərin olduğunu bildirdi. Bildiyiniz kimi ölkəmizdə biznes qurumları üçün hərtərəfli şərait yaradılıb. Amma nədənsə onların bəziləri yaradılan şəraiti düzgün qiymətləndirmir, sui-istifadə edirlər. Biznes qurumları bilməlidir ki, onları mövcud edən istehlakçılardır və ona görə də istehlakçıları narazı salmamalıdırlar. Bu, yolverilməzdir. Cənab Prezidentin iradlarını biznes qurumları da dəstəkləməli, onlara yaradılan şəraiti düzgün qiymətləndirməlidirlər".
Birlik sədrinin sözlərinə görə, sağlam adamın tibbi maskadan istifadəsinə ehtiyac yoxdur: "Qoruyucu vasitələrdən əsasən xəstələr istifadə etməlidirlər ki, ətrafdakıları infeksiyaya yoluxdurmasınlar. Sağlam adamlar özlərini gözləməli, soyuqdəyməkdən qorunmalıdırlar. Əgər tibbi maskaya ehtiyac varsa, özləri də tənzifi 2-3 qat edib düzəldə bilərlər. Ən narahat edici məqamlardan bazara çox pis qoxulu spirtlərin daxil olmasıdır ki, artıq onunla bağlı da bizə şikayətlər olub. Hesab edirəm ki, bu tullantılardan hazırlanan spirtdir. Belə vasitələr nəinki insanları xəstəlikdən qoruyar, hətta müxtəlif xəstəliklər də gətirə bilər. Bu baxımdan təşvizə düşməməli, gigiyenik qaydalara riayət etməklə özümüzü xəstəliklərdən qorumalıyıq".
Qeyd edək ki, qoruyucu və dezinfeksiya vasitələrindən təkcə koronavirus təhlükəsinə görə istifadə edilmir. Ölkəmizdə onlarla onkoloji, immun çatışmazlığı xəstəliyi, infeksion və digər xəstəliklərdən əziyyət çəkənlər var ki, yaranan qıtlıq və bahalaşma onları da təhlükə altına qoyur. Xəstələri çarəsiz qoymağa heç birimizin haqqı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB