Azərbaycan Milli Elmlər Akademiyasında kitabxanadan istifadə qiymətinin 150 manata qaldırılması tələbələr tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı tələbələrin şikayət və narazıçılıqları sosial şəbəkələrdə və müxtəlif media qurumlarının səhifələrində öz əksini tapıb.
Lakin məsələnin leqal şəkildə həlli və müraciət üsulu da mövcuddur. SİA-ya məsələ ilə bağlı açıqlama verən AMEA-nın Elm və təhsil idarəsinin rəisi, İqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov tələbələrin bu məsələ ilə bağlı şikayət hüquqlarının olduğunu bildirib.
O vurğulayıb ki, tələbələr AMEA-ya öz şikayət ərizələri ilə müraciət edə bilərlər. Lakin bunun üçün həmin şikayət ərizəsi əsaslandırılmalıdır. Bu halda onların şikayətlərinə baxılacaq və dəyərləndiriləcək.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov SİA-ya verdiyi məlumatda bu məsələnin hələ tam təsdiq edilmədiyini bildirib və hələ məsələyə baxılacağını vurğulayıb.

Təhsil üzrə ekspert Kamran Əsədov isə tələbələrin kitabxanadan istifadəsinin əlçatanlığı məsələsini SİA-ya belə şərh edib: "2013-c ildə ölkə Prezidenti tərəfindən Dövlət Strategiyası qəbul edildi. Strategiyanın əsas istiqamətlərindən biri odur ki, təhsilin əhatə dairəsi genişləndirilsən və əlçatanlılığı təmin olunsun. Təəssüf ki, qeyd etdiyimiz prinsip burada biraz pozulur.
Azərbaycanın ali təhsil müəssisələrində onsuz da kitabxanalar yetəri səviyyədə deyil və kitab təminatı ürəkaçan hesab olunmur. Ona görə də tələbələr biliklərini artırmaq üçün Milli Elmlər Akademiyasının kitabxanasından istifadə edirlər. Təəssüf ki, son 2 il ərzində burada qiymət 15 manatdan 200 manata qədər qaldırıldı. Qiymət qalxmasının əsas səbəbi Akademiyanın bu sahədəki xərclərinin artması ilə əlaqədardır. Onlar kitabxanaya hazırda yüksək vəsait sərf edirlər. Bu da tələbələrin də xidmət haqqına təsir göstərir.
Akademiyada göstərilən xidmətlərin qiymətinin artırılmasının səbəbi kitabxananın saxlanma xərcləri ilə əlaqədardır. Əslində hardasa bu normal qəbul edilə bilər lakin bu tələbələrə ciddi problem yaradacaq. Azərbaycanın 51 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Qiymətləri qaldırmaqla onların kitabxanalara çıxışının daha da qarşısını alacağıq. Xüsusilə də tələbələrin xərcləri çoxdur. Kirayədə qalırlar, təqaüdləri o qədər də yüksək deyil. Xidmət haqqı məsələsinə mütləq şəkildə baxmaq lazımdır. Bu təhsilin əlçatanlılığına ciddi şəkildə mane olur".
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova dünən vəzifəsindən azad edilib. AMEA məlumatı SİA-ya təsdiqlənib. Belə ki, bu məsələyə təyin olunacaq yeni direktorun baxacağı da məlumat verilib.

Professor Şahlar Əsgərov da məsələ ilə bağlı SİA-ya açıqlama verərək məsələnin dünən AMEA-da müzakirə olunduğunu və abonə haqqının 150 manat olması ilə bağı məsələnin ləğv olunduğunu bildirib:
"Dünən bu məsələ AMEA-da müzakirə olundu. Təbii ki, qiymətin 150 manata qaldırılması düzgün addım hesab olunmur. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində kitabxana sutkada 24 saat işləyir və hələ oxuculara pulsuz çay da verirlər. Amma akademiyanın kitabxananı 150 manata qaldırması düzgün deyil və bu tələbə üçün böyük puldur. Ona görə də bu məsələ gündəmdən çıxdı. Əslində kitabxana pulsuz olmalıdır".
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB