20 Yanvar faciəsinin təhrifi xalqlar arasında düşmənçilik yaymaq cəhdidir
Artıq 1990-cı ilin 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə yer aldı. 20 Yanvar faciəsi uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqların azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir. İmperiyanın Bakıda 20 Yanvar faciəsini törətməklə, İttifaqa üzv olan digər respublikalara gözdağı vermək planı və imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.
Təssüflər olsun ki, bu gün öz məqsədləri üçün 20 Yanvar faciəsindən istifadə etmək niyyətində olan insanlara da təsadüf edirik. Azərbaycan və Rusiya xalqları arasında düşmənçilik və nifrət hissləri yaymaq məqsədi daşıyan məqalələr heç bir əsası olmadan, sadəcə olaraq, şəxsi mənafe baxımından yazılır. Bu yaxınlarda Rusiyanın "Tsarqrad TV" informasiya-analitik telekanalının saytında Vladimir Xomyakovun "Ruslar, getməyin, bizə kölələr və fahişələr lazımdır" sərlövhəli məqaləsi öz məqsədləri üçün istifadə etmək niyyətində olan insanların məkrli niyyətini əks etdirir. Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, 1990-cı il 20 Yanvar hadisələrini açıq şəkildə təhrif edən bu qərəzli məqalə ilə əlaqədar Rusiya Federasiyasının baş prokuroru İqor Krasnova və Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Federal Xidmətinin rəhbəri Aleksandr Jarova səfir Polad Bülbüloğlu tərəfindən məktublar ünvanlanıb. Məktublarda Azərbaycan tərəfinin qəti etirazı ifadə olunur və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi bildirilir. Qeyd olunur ki, Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün çox həssas məsələdir və Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli Qərarı ilə bu faciəli hadisələrə siyasi-hüquqi qiymət verilib və 20 Yanvar isə Ümumxalq Hüzn Günü elan edilib.
Yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqlar, o cümlədən Rusiya Federasiyasının Prezidenti, xarici işlər naziri, həmçinin Rusiyanın digər rəsmi şəxsləri Şəhidlər Xiyabanı Memorial Kompleksini ziyarət edir, bu abidə önünə əklil qoyaraq, şəhidlərin xatirəsini anırlar. "Tsarqrad TV" və ona bənzər KİV-lər Azərbaycan və rus xalqları arasında düşmənçilik və nifrət hissləri yaymaq məqsədi daşıyır.
Bütün bunları nəzərə alaraq, səfir Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 2006-cı il 27 iyul tarixli "İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması barədə" Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı müvafiq yoxlamanın keçirilməsini xahiş edib.
20 Yanvar faciəsi xalqımıza qarşı olan cinayətdir. 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Paktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı, hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də, döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi də buraya daxil olmaqla, qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.
Faciənin səhəri günü Ümummilli Liderimiz Heydər Əliyev təhlükə və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə, kommunist rejiminə qarşı etirazını bildirməklə, ekstremal durumda ani olaraq düzgün qərar qəbul etmək bacarığını nümayiş etdirdi. Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya və dönüş nöqtəsi idi. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür və kiminsə 20 Yanvar hadisələrini açıq şəkildə təhrif edərək, qərəzli fikirlərini ictimaiyyətə təqdim etməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB