"Siyasi partiyalar və QHT-lər qondarma seçkilərə münasibət bildirməlidirlər" ÖZƏL-MÜNASİBƏT

"Siyasi partiyalar və QHT-lər qondarma seçkilərə münasibət bildirməlidirlər" ÖZƏL-MÜNASİBƏT

"Martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək “prezident seçkiləri”nə qarşı dünya ictimai fikrindən heç bir şey gözləmirəm. 30 ildir ki, beynəlxalq qurumlar birmənalı şəkildə Azərbaycanın haqq mövqeyini sözdə dəstəkləyir, əməldə isə heç bir iş görmür". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

"Azərbaycan 1992-ci ilin martın 3-də indiki əraziləri ilə BMT-yə qəbul olunub və Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir. Hal-hazırda orda planlaşdırılan və keçiriləcək növbəti saxta seçkilər qanuna tamamilə ziddir. Azərbaycan Mərkəzi Seçki Komissiyası bu işin əleyhinədir. Yəni ümumiyyətlə, Azərbaycandan hər hansı bir razılıq alınmayıb. Bu, yenə də Ermənistanın birbaşa iştirakı ilə keçirilən bir seçkidir. Təbii ki, Azərbaycanda müvafiq dövlət qurumları öz işlərini görəcəklər. Yəni Azərbaycan Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası bəyanat verəcək, Milli Məclisdə də bu barədə qərar qəbul edəcək. Bu gün Azərbaycanda 50-dən çox qeydə alınmış siyasi partiya və 3 mindən də çox qeyri-hökumət təşkilatı var. Axı niyə bunlar bu işlərlə məşğul olmaq istəmirlər? Ən azından ölkədə Qarabağla bağlı bir forum təşkil olunmalıdır. Orada keçirilən və keçirilməsi nəzərdə tutulan bütün seçkilər saxta elan olunmalıdır. Ətraf rayonlar və Dağlıq Qarabağda Azərbaycan vətəndaşlarının geri qayıtması öz əksini tapmalıdır. Azərbaycan tərəfi Azərbaycan vətəndaşlarına fərq qoymadan ermənilərin də hüquqlarını qoruyacaq məsələsini gündəmə gətirməlidir. Yəni ermənilər haqsız ola-ola, həyasızlıqla bütün dünyaya hər şeyi bəyan edir, amma haqlı ola-ola xaricdən bizə hücumlar var. Biz bu şəkildə heç hara gedib çıxa bilməyəcəyik. Biz hər şeyin Prezident tərəfindən edilməsini gözləyirik. Elə məsələlər var ki, dövlət başçısı onu gündəmə gətirə bilməz", deyə politoloq bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə