İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta ilkin mərhələdə yanvar ayının 1-dən etibarən ölkənin şimal və şimal-qərb bölgəsində tətbiq edilir. Həmçinin Naxçıvan Muxtar Respublikasında da yanvar ayının 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayonda sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfindən ödənişsiz istifadə edirlər. Dövlət ilk 3 ay müddətində icbari tibbi sığorta ilə bağlı maliyyə xərclərini öz üzərinə götürüb. Cari ilin 1 yanvar tarixindən mərhələli şəkildə dövlət büdcəsindən təqvim ili üzrə adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulub. İcbari tibbi sığorta haqqının toplanılmasına isə 1 aprel tarixindən başlanılacaq.
Nəticələr onu göstərir ki, sözügedən region sakinlərinin tibbi xidmətlərə əlçatanlığı təmin edilib. Belə ki, cari ilin ilk 2 ayı ərzində icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayondakı tibb müəssisələrinə 819 307 müraciət qeydə alınıb. Bu müraciətlər üzrə 1 784 754 tibbi xidmət göstərilib.
Tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə yanvar ayında respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) təsdiq edilib. Ümumilikdə 13 sayda TƏB müəyyənləşdirilib. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i (Dağlıq Şirvan TƏB, Göyçay-Kürdəmir TƏB, Şəki-Zaqatala TƏB, Quba-Xaçmaz TƏB və Bərdə-Yevlax TƏB) əhatə edir. Həmin TƏB-lər üzrə müraciət sayına gəldikdə, ilk 2 ay ərzində ən çox Şəki-Zaqatala tibbi ərazi bölməsi üzrə 224 901 müraciət qeydə alınıb.
Regionlarda fəaliyyət göstərən tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan 6 filial – Şəki, Gəncə, Quba, Lənkəran, Şirvan və Şamaxı filialları fəaliyyətə başlayıb. Ümumilikdə Agentliyin 11 filialının fəaliyyəti nəzərdə tutulur.
Sistemin ilkin mərhələdə tətbiqi məqsədilə Agentlik tərəfindən 6 istiqamət üzrə tədbirlər görülüb. Bunlar ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi, təcili və təxirəsalınmaz tibbi yardımın təşkili, xəstəxanalarda tibbi xidmətin təşkili, xəstəxanalarda tibbi sığorta işinin təşkili, tibb müəssisələri şəbəkəsinin səmərələşdirilməsi və təlimlərin keçirilməsidir.
İlkin səhiyyə xidmətinin gücləndirilməsi çərçivəsində inzibati ərazinin mərkəzində Ailə Sağlamlıq Mərkəzləri yaradılıb. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələri bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün "triaj" sistemi təşkil olunub. Xəstəxanalarda tibbi xidmətin təşkili istiqamətində tibb işçiləri və pasiyentlərin hərəkətinin nizamlanması təmin edilib. Xəstəxanalarda keyfiyyətə nəzarət komitəsi yaradılıb və keyfiyyət standartlarının tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəxanalarda
proqram təminatı və yeni qeydiyyat sistemi qurulub, xəstəxanalar internetə çıxış və kompüter avadanlığı ilə təchiz olunub.
Həmçinin, səhiyyə işçilərinin əməkhaqlarına əlavələr tətbiq edilib. Belə ki, Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında Qayda təsdiq edilib. Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Agentlik "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələbinə uyğun olaraq icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız qaydada aparılmasını həyata keçirəcək. Bu məqsədlə Azərbaycan Beynəlxalq Bankı Agentliklə birgə bank kartları buraxıb və tibb müəssisələri lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edilib. Bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkün olacaq.
O cümlədən, Agentliyin "Sığortaolunanın Tibbi Kabineti" adlı yeni elektron xidməti "myGov" portalına inteqrasiya olunub. Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov" portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər. Burada vətəndaşlar tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliklərinin tarixçəsini görə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB