Pandemiya və epidemiya arasındakı fərq nədir? - ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), indi koronavirusun səbəb olduğu Covid-19 yoluxucu xəstəlik üçün "epidemiya" termini istifadə edir və yayılmanın beynəlxalq həyəcan səviyyəsini "təcili" olaraq saxlayır. Niyə bu epidemiya üçün pandemiya termini istifadə etmir? SİA-nın araşdırmasına görə, Cenevrədə mətbuata danışan ÜST sözçüsü İran, İtaliya və Cənubi Koreyada baş verən hadisələrin qəfil artmasından sonra vəziyyətin bütün ciddiliyini qeyd edib. Çində yoluxmanın azalması səbəbindən nəqliyyatda bəzi tədbirlərin yüngülləşdirildiyi açıqlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı H1N1 donuz qripini 2009-cu ildə pandemiya elan edib və qrip qədər güclü və ölümcül olmasa da, təşkilatın dərman şirkətlərini vaksin hazırlamağa məcbur etməsi tənqid hədəfi olub.

Ümumdünya Səhiyyə Təşkilatı, 'Covid-19' dekabr ayında Uhanda aşkar edildiyi üçün bu xəstəliyi Beynəlxalq İctimai Səhiyyə Təcili Yardım (PHEIC) olaraq təyin edib. Bu çərçivədə, epidemiya və tədbirlərə nəzarət üçün zəif ölkələrə yardım göndərilir.

Dekabr ayından bəri rəsmi məlumatlara görə, təkcə Çində virus 77.000-dən çox insana ötürülüb. 2 min 445 nəfər ölüb. Virusun göründüyü digər 28 ölkədə cəmi 17 ölüm hadisəsi baş verib. Bəs yayılmağa davam edən virus niyə "pandemiya" deyil, "epidemiya" adlanır?

Pandemiya və epidemiya arasındakı fərq nədir?

Epidemiya nəzarətdən çıxan hər hansı bir problemi təsvir etmək üçün istifadə edilən ümumi bir konsepsiyadır. Tibb sahəsində bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda hər hansı xəstəliyin yayıldığı görüldükdə, bu, epidemik virus hesab olunur.
Pandemiya isə bölgələr və qruplar üzərində coğrafi bir yoluxma deməkdir. Bir ölkəyə və ya bütün dünyaya təsir edən xəstəliklər üçün istifadə olunur.

Tənqid gəldikdə dəyişdirildi

ÜST artıq köhnə 6 səviyyəli sistemdən istifadə etmir.
Köhnə sistemdə 1-ci səviyyə "heyvandan insana virusun ötürülməsi barədə məlumat verilmir" və 6-cı səviyyə "pandemik" vəziyyəti işarə edirdi. Ancaq terminin istifadəsi ilə əlaqədar yaranan problemlər və tənqidlərdən sonra bu sistemdən imtina edildi.

Konsepsiya qarışıqlığı meydana gəlib

ÜST görə, Covid-19 hələ də bəzi ölkələrdə və bölgələrdə qruplarda və çoxluqlarda görülən bir epidemiya olaraq qalır. Buna görə də, insandan insana asanlıqla keçdiyi görülsə də, pandemiya termini bu mənada rəsmi olaraq istifadə edilmir, çünki hələ də bu virus bütün bir ölkəni və dünyanı əhatə etmir. Bu da öz növbəsində epidemiya ilə pandemik vəziyyət arasında qarışıqlığa səbəb olur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə