Hazırda hamı kimi sizi də icbari tibbi sığorta ilə bağlı düşündürən bəzi məqamlar mövcuddur. Hansı ki, prosesin gedişatı haqqında məlumatlara yiyələnmək, sadə amma bir o qədər də praktik məsləhət almağa ehtiyac duyursunuz. Biz də bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən İcbari Tibbi Sığorta Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovaya suallarımızı yönəltdik. SİA həmin müsahibəni təqdim edir:
- Aynurə xanım, məlumdur ki, cari ildə ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq 23 şəhər və rayondakı sakinlər icbari tibbi sığortadan yararlanırlar. Bilmək istərdik ki, vətəndaş səhhəti ilə bağlı narahatlıq hiss etdikdə ilk növbədə hara müraciət etməlidir?
- Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığortaolunan şəxs səhhətində yaranmış narahatlıqla bağlı ilk növbədə ailə həkiminə (poliklinika/ Ailə Sağlamlıq Mərkəzi/ kənd həkim məntəqəsi) müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş Xidmətlər Zərfi çərçivəsində ödəniş etmir. Göndəriş prosesi pozulduğu halda isə müştərək maliyyələşmə məbləği ödənilməlidir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel tarixindən başlanılacaq.
- Ailə həkimini seçmək üçün hara müraciət edilməlidir?
-Vətəndaş ailə həkimini seçmək üçün qeydiyyatda olduğu yer üzrə ona ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsinə müraciət edən vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Daha sonra ərizə dolduraraq ailə həkimini seçməlidir. Vətəndaş ailə həkimini seçməkdə azaddır.
Ailə həkimini seçməyən vətəndaş “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma qaydası” əsasında ailə həkiminə təhkim olunacaq.
- Bildiyim qədərilə, gələn aydan icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq. Bəs işləməyən vətəndaşlar icbari tibbi sığortadan necə yararlanacaqlar?
- 2020-ci il ərzində icbari tibbi sığortanın ölkə üzrə mərhələli şəkildə tətbiqinə uyğun olaraq vətəndaşlar icbari qaydada sığortalanacaqlar. 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.
İşəgötürənlər, işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və fərdi sahibkarlar icbari tibbi sığorta haqqı ödəyəcəklər. Heç bir yerdə işləməyən, rəsmi gəliri olmayan vətəndaşlar üçün icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödənilir.
- Rəsmi gəliri olan şəxslər üçün icbari tibbi sığorta haqqının məbləği nə qədərdir?
- İşəgötürənlər, işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və fərdi sahibkarlar icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. İcbari tibbi sığorta haqqının toplanılmasına 1 aprel 2020-ci il tarixindən başlanılacaq.
- İcbari tibbi sığortanın Xidmətlər Zərfinə hansı tibbi xidmətlər daxildir? İstənilən maddi tutarda müalicə ödənişsiz göstərilir?
- İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər təminata alınıb. Xidmətlər Zərfi - sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Ölkədə əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir.
Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığının, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.
Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.
Onu da qeyd edim ki, Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir:
- ilkin səhiyyə xidməti - 35
- təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- ixtisaslaşdırılmış ambulator yardım xidmət - 508
- laboratoriya xidməti – 731
- fizioterapiya xidməti – 26
- invaziv radiologiya xidmətləri – 39
- stasionar cərrahi xidmətlər - 950
- stasionar terapevtik xidmətlər – 255
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB