Arzu Rəhimov: "Azərbaycana gələn əcnəbilərin 25 faizi əməkçi miqrantlardır"

Arzu Rəhimov: "Azərbaycana gələn əcnəbilərin 25 faizi əməkçi miqrantlardır"

Azərbaycanda olan əcnəbilərin 25 faizi əməkçi miqrantlardır. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov deyib.

Azərbaycanın sürətlə inkişaf etdiyini deyən A.Rəhimov buna görə də xarici vətəndaşların ölkəyə olan marağının gündən-günə artdığını bildirib. Xarici vətəndaşların həm yaşamaq, həm də digər ehtiyaclarını təmin etmək üçün Azərbaycana gəldiklərini qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, onların yalnız əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycana gəldikləri fikri ilə razı deyil. Azərbaycanda olan əcnəbilərin yalnız 25 faizinin əməkçi miqrantlar olduğunu söyləyən A.Rəhimov bildirib ki, ölkədəki əcnəbilərin digər qismi Azərbaycan vətəndaşı ilə nigaha girənlər, yaxın qohumluq münasibətlərində olanlar, ali təhsil alanlar, əksər hissəsi isə turistlərdir. Xidmət rəisi qeyd edib ki, Azərbaycan əmək bazarında çalışan miqrantlar Azərbaycanda təlabat olan peşələrin sahibləridir.

Ötən əsrin 1980-ci illərin sonu- 90-cı illərin əvvəllərində nəinki əcnəbi vətəndaşların Azərbaycana gəldiklərini, əksinə Azərbaycandan xarici ölkələrə gedən insanların artdığını qeyd edən A.Rəhimov söyləyib ki, daha sonrakı illərdə ölkəni tərk edənlər geri qayıdıb. O, bunun ölkədə müşahidə olunan sürətli iqtisadi inkişafla bağlı olduğunu dilə gətirib. Xidmət rəisi həmçinin bildirib ki, əsas məqsədləri əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının yer tutmasını təmin etməkdir.

Azərbaycanda qanunsuz miqrantların saxlanılacağı saxlama mərkəzlərinin də inşasına başlanılıb. A.Rəhimov Yevlax şəhərində miqrantların saxlama mərkəzinin tikilib başa çatdırıldığı və yaxın günlərdə istifadəyə veriləcəyini diqqətə çatdırıb. O, Bakı şəhərində də belə bir mərkəzin inşa edildiyini qeyd edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi ötən il 10 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə aldığını deyib. Bəzi əcnəbilərə Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmədiyini, onların ölkədən çıxarıldığını vurğulayan A.Rəhimov bildirib ki, qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə bundan sonra daha da gücləndiriləcək. O, qanunsuz miqrantlarının sayının hər an dəyişdiyini dilə gətirib.

Onun sözlərinə görə, ölkədə yaşamalarını leqallaşdırmaq üçün daha çox Türkiyə vətəndaşları müraciət edir. A.Rəhimov qeyd edib ki, ölkədə viza rejiminin sərtləşdirilməsi əcnəbilərin Azərbaycana gəlməsinə təsir göstərməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə