Heydər Camal: “Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz” - MÜSAHİBƏ

Heydər Camal: “Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz” - MÜSAHİBƏ

Rusiya İslam komitəsinin sədri, siyasi analitik Heydər Camalın IslamNews-a müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:


- Azərbaycandakı müxalifət haqqında nə deyə bilərsiniz?


- Yerli müxalifəti çətin ki, müxalifət adlandırmaq olar, üstəlik də siyasi müxalifət. Böyük ehtimal ki, bu yem təknəsinin içinə düşmüş insanlar qrupudur. İdeoloji olaraq müxalifət hazırda ölkədə olan hakimiyyətdən fərqlənmir, hər iki tərəfin əsas istiqaməti Qərbdir.
Azərbaycan müxalifəti siyasi motivlər üzərində deyil, daha çox maddi və sosial motivlər üzərində qurulub ki, bu mənada da onu Liviya müxalifəti ilə müqayisə etmək olar. Mənfi cəhət odur ki, bu qüvvələr asanlıqla xarici təsir altına düşə bilirlər.


- Bu daha çox nədir: islam faktoru, yoxsa yenə də ABŞ və onun hərtərəfli maraqları?


- Ölkənin əsas hissəsi islamın şiə məzhəbinə etiqad edir. Ancaq hazırkı dövrdə dini amil narahatlıqların əsas səbəbi deyil, olmayacaq da. Çünki Azərbaycanda dini təsir o qədər güclü deyil.
Burada məsələ başqadır. Bəzi qüvvələr müxalifətin aktivliyini Yaxın Şərq hadisələri ilə əlaqələndirir. Digər Cənubi Qafqaz ölkələrində olduğu kimi, Azərbaycanda da ABŞ-dan olan emmisarlar işləyir. Məqsəd isə bu ölkələrdə qeyri-sabitlik üçün şərait yaratmaqdır. Artıq Azərbaycanda da, Gürcüstanda da, Ermənistanda da hakimiyyət orqanlarında ABŞ-ın "adamları" işləyir. Məqsəd isə bu ölkənin prezidentlərini Amerikaya yönəlik dəyişməkdir və ardınca həmin ölkələrdə hərbi baza qurmaqdır.


- Azərbaycana İranın "ayağının altını qazan" kimi baxmaq olarmı?


- Azərbaycanda nə edilirsə, şübhəsiz ki, İranla əlaqələndirilir- bu hardasa "siqnal", hardasa da açıq işarədir. ABŞ-ın ikinci məqsədi Qafqazda müharibəni qızışdırmaqdır ki, buna təbii ki, Rusiya da cəlb olunacaq. Hazırda amerikalılar Yaxın Şərqdən Hindistana kimi böyük bir ərazidə müharibə alovlandırmaqla məşğuldurlar. Ordan isə Rusiya sərhədinə çox deyil. Uzunmüddətli strateji planda Qərb dünyada dayanıqlı demokratik zonanın yaradılmasında maraqlıdır. Ancaq Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz.


- Bəs, bunlar nə dərəcədə real qüvvələrdilər ki, regionda nəyəsə nail ola bilsinlər?


- Təkrar edirəm, Azərbaycan müxalifətinin zəifliyi siyasiləşməməsindədir. Onlar artıq köhnəlmiş fikirlərdən istifadə edirlər - vətəndaş hüquqlarının və azadlığın qorunması. Bunu müxtəlif bəhanəyə bağlamaq və müxtəlif cür yozmaq olar.

- Azərbaycandakı hadisələrin Yaxın Şərq hadisələri ilə real əlaqəsi varmı?

- Real olaraq yoxdur. Ancaq mən haqqında danışdığım qüvvələr ümumi tendensiyanı tuturlar və onu lazımi ölkələrə tətbiq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə