Sərnişinlərin sıx toplaşdığı məkanlar da dezinfeksiya edilir AÇIQLAMA - ÖZƏL

Sərnişinlərin sıx toplaşdığı məkanlar da dezinfeksiya edilir AÇIQLAMA - ÖZƏL

Kəskin respirator virus infeksiyalarına qarşı ictimai nəqliyyatda da qabaqlayıpcı tədbirlər görülür. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, qurumun özəl daşıyıcılara qoyduğu tələblər əsasında marşrut avtobusları dezinfeksiya olunur.

Onun sözlərinə görə, bu sahədə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə aparılan dezinfeksiya işlərində həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərin yoluxmasına qarşı effektiv dərman preparatlarından istifadə olunur: “Marşrut xətlərində intervalların pozulmaması və sərnişinlərin rahatlığının təmini məqsədilə dezinfeksiya işləri həftənin sonları və ya avtobuslar gecə qarajlara qayıtdıqdan sonra həyata keçirilir”.

M.Ağayev qeyd edib ki, BNA tərəfindən verilən tapşırığa əsasən daşıyıcıları tərəfindən son bir neçə gün ərzində 1500-dən artıq avtobus dezinfeksiya olunub: “Tədbirlər bununla yekunlaşmır. sərnişinlərin sıx toplaşdığı məkanlardan biri Koroğlu Nəqliyyat Mübadilə Mərkəzidir ki, orada da dezinfeksiya işlərinin sayı artırılıb. Əvvəllər həftədə bir dəfə təşkil olunan dezinfeksiya işləri hazırda həftədə iki dəfə olmaqla təşkil olunur”.

Qurum sözçüsü əlavə edib ki, BNA tərəfindən təkcə koronavirus deyil, ümumilikdə bütün kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayandan start verilib: “İşlər əsasən gecə saatlarında olur. Burada da əsas məqsəd sərnişinləri narahat etməməkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə