Koronavirus nədir və ondan necə qorunmalı? - ARAŞDIRMA

Koronavirus nədir və ondan necə qorunmalı? - ARAŞDIRMA

Dünya 2020-ci ilə yeni növ koronavirus (Covid-19) xəstəliyi ilə başladı. Əvvəlcə "əsrarəngiz xəstəlik" adı verilən virusun yalnız heyvandan insana ötürüldüyü bəlli idisə, formasını dəyişmiş virusun artıq insandan insana sürətlə ötürüldüyü aşkar edildi. "Covid-19" ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində göründü. Nəzəriyyələr irəli sürüldü ki, virusun mənbəyi Uhandakı "Huanan" balıq bazarıdır və burada satılan yarasalardan insanlara ötürülür. Ancaq sonrakı araşdırmalar bu məlumatın doğruluğunu şübhə altına aldı. SİA-nın araşdırmalarına görə, Çində meydana gələn "Covid-19" virusu çox qısa müddətdə bütün dünyaya yayılıb. Ən azı 50 ölkədə yayılan koronavirusun yeni növü bəzi ölkələrdə can itkisinə səbəb olub. Virusun çatdığı ölkələrin sayı ilə yanaşı, itkilərin sayı da günü-gündən artmaqda davam edir. Bəs yeni ili epidemik həyəcanla başlayan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) haqqında nə bilirik?

Koronavirus nədir?

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusları heyvanlarda və insanlarda xəstəlik yaradan virusların mutasiyaya məruz qalmış forması kimi təqdim edir. Koronavirus soyuqdəymədən sonra insanlarda tənəffüs yoluxucu infeksiyaların Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Şiddətli Kəskin Tənəffüs Sindromu (SARS) və ya sətəlcəm kimi daha ağır xəstəliklərə səbəb olduğu bildirilir. Koronavirusun adı virusun ətrafında taca bənzər formadan götürülüb və bu xüsusiyyətinə görə ona latınca "tac" mənasını verən "corona" deyilir. 2019-cu ildə ortaya çıxdığına görə "markası da "Covid-19"dur. Bu tip koronavirus insanın tənəffüs sistemini zədələyən və bəzən ölümə yol açan koronavirusların yeddinci növüdür. Heyvandan insana və insandan insana ötürülə bilən bu yeni koronavirus 2019-cu ilə qədər, yəni Uhanda epidemiya yayılmazdan əvvəl elmə məlum deyildi.

Koronavirusun simptomları hansılardır?

Məlumdur ki, "Covid-19" simptomlarını göstərmədən insanda gizli şəkildə yaşayır və 2-14 gün arasında inkubasiya dövrü var. Koronavirusun ən çox görülən simptomları yüksək hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə bu simptomlar boğaz ağrısı, axan burun, ağrı və ishal ilə müşayiət olunur. Koronavirus xəstələrinin bəzilərində simptomlar görünməyə də bilər.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bildirilir ki, yoluxmuş xəstələrin təxminən 80 faizi xüsusi müalicəyə ehtiyac olmadan xəstəlikdən yaxa qurtarır. Koronavirusa yoluxan hər 6 nəfərdən birində xəstəlik ciddi səviyyələrə çata bilər və nəfəs almaqda çətinliklər yaranır.

"Covid-19"-dan ölüm nisbəti nə qədərdir?

2003-cü ildə ortaya çıxan və "Covid-19" ilə oxşarlıqları olan SARS epidemiyasında xəstəliyə yoluxan 10 nəfərdən 1-i ölürdü, buna görə ölüm nisbəti təxminən 10 faiz idi. "Covid-19"-da isə xəstələr arasında ölüm nisbəti SARS-ın demək olar ki, beşdən bir hissəsidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virusa yoluxanların təxminən 2 faizi ölür. Ancaq "Covid-19"-un SARS-dan 6-7 dəfə daha sürətli yayıldığı bildirilir.

Bundan əlavə, koronavirusun yaşlılarda və yüksək təzyiq, ürək problemləri və diabet kimi digər sağlamlıq vəziyyəti olan insanlarda ciddi xəstəliklərin yaranma ehtimalını yüksəldir.

Normal qrip kimi tanınan qripin ölüm nisbəti 0,1 faizdir. Bu nisbət SARS və ya "Covid-19" ilə müqayisədə olduqca aşağıdır, lakin hər il 500 mindən çox insan birbaşa və ya dolayı yolla qrip səbəbiylə həyatını itirir.

"Covid-19"-a qarşı hansı tədbirlər görülür?

Hökumətlər koronavirusun yayılmasının qarşısını almaq üçün bir çox tədbirlər - sərhədlərin bağlanması, səyahət məhdudiyyəti və karantin kimi profilaktik işlər həyata keçirir. Koronavirus xəstələrini qəbul etmək üçünkarantin mərkəzləri və xəstəxanalar təşkil edilir.

Məsələn, Çin hökuməti Uhan şəhərinə girişi qadağan edərək virusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün aviaşirkətlər bu bölgələrə uçuşları dayandırdılar. Hava limanlarına və şəhərlərə daxil olan digər giriş nöqtələrində termal kameralardan istifadə edərək koronavirus simptomları olan xəstələri aşkar etmək üçün nəzarət gücləndirildi.

Digər ölkələr isə koronavirusun geniş şəkildə yayıldığı ölkələrlə sərhədlər bağlayır.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus haqqında nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatı "Covid-19" üçün qlobal həyəcan səviyyəsini "təcili vəziyyət" olaraq təyin edib.
Təşkilat fevral ayında Covid-19 adlı yeni koronavirus xəstəliyi üçün "epidemiya" termini istifadə etmək qərarına gəlib.

Bu çərçivədə, epidemiyaya nəzarət və yayılmasının qarşısını almaq üçün bəzi ölkələrə yardım göndərilir. Digər tərəfdən, ÜST beynəlxalq miqyasda koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verir. Həmin tövsiyyələr bunlardır:

-Sosial məsafənin qurulması - özəl xəstəxanalar və karantin mərkəzlərinin yaradılması,
-Sağlamlıq strategiyalarının effektivliyini yaxından izləmək
-İnsanlara simptomları aşkar etmək və ötürülmə riskini azaltmaq üçün vasitələrlə təmin etmək,
-Sıx qaynaq nəzarəti; xəstələrin təcrid edilməsi, əlaqə izləmə, sağlamlığa nəzarət, xəstəliklərin qarşısının alınması və idarə olunması üçün imkanların yaradılması, davamlı aktiv monitorinq və məhdudlaşdırma fəaliyyətləri və s.

-Ölkələrdə davamlılığa hazırlıq.

Koronavirusun qarşısını almaq üçün nə etməliyik?

ÜST şəxsi gigiyenaya diqqət yetirməklə virusdan qorunmaq üçün bəzi tövsiyələr verir:
-Əllərinizi mütəmadi olaraq spirt əsaslı məhlula təmizləyin, sabun və su ilə yaxşıca yuyun.
-Asqıran və ya öskürən insandan ən azı 1 metr məsafə saxlayın.
-Gözlərinizə, ağızınıza və burnunuza toxunmaqdan çəkinin.
-Özünüzün və ətrafınızdakıların tənəffüs gigiyenasına əməl etdiyinizdən əmin olun. Bu o deməkdir ki, asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu dirsəyinizlə və ya əlinizlə örtməyiniz lazımdır. İstifadə olunan dəsmalı dərhal atın.
-Özünüzü pis hiss edirsinizsə, evdə qalın. Hərarət, öskürək və nəfəs almaqda çətinlik çəkirsinizsə, həkimə müraciət edin, ancaq əvvəlcə səhiyyə müəssisələrinə zəng edin. Yerli səhiyyə müəssisələrinin təlimatlarına əməl edin.
-"Covid-19"-dakı son baş verənlərdən xəbərdar olun.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə