“İlin alimi” diplomu təqdim olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Tədbiri AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan ədəbiyyatşünaslıq elmi sahəsində 2019-cu ildə səmərəli fəaliyyətinə görə institutun “İlin alimi” diplomu ilə təltif olunub.

İnstitutdan SİA-ya bildirilib ki, akademik İsa Həbibbəyli Azər Turanın fəaliyyəti barədə məlumat verərək onun Azərbaycan elmi, ədəbiyyatı və ədəbi-ictimai fikrinin inkişafında, həmçinin Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin həyat və yaradıcılığının və cavidlər ailəsinin öyrənilməsində rolundan danışıb. Qeyd edib ki, Azər Turan həm də Əlibəy Hüseynzadənin fəaliyyətinin, onun fəlsəfəsinin, xidmətlərinin öyrənilməsində, eləcə də baş redaktoru olduğu “Ədəbiyyat qəzeti”nin inkişafında özünəməxsus xidmətlərə malikdir.

Daha sonra Şükufə Vəliyevaya, Gülnar Qənbərovaya və Elxan Nəcəfova “İlin gənc alimi” diplomları təqdim olunub. Həmçinin institutun əməkdaşları – Tehran Mustafayev və Lütviyyə Əsgərzadə 60, Musa Məmmədov 80 illik yubileyləri münasibətilə təltif ediliblər.

Tədbirdə Prezident İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr və “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq tədbirlər planı müzakirə olunaraq təsdiq edilib.

İclasda institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş nömrəsinin çapa hazırlanması, “Elmi kadrlar” Milli İnformasiya Sistemində institutun bazasının formalaşdırılması istiqamətində görülən işlər, 2019-cu il üçün elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərləri və mövzularının təsdiqi, eləcə də digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə