İnam Kərimov Lənkəran REM-in təcrübə sahəsində olub

Azərbaycan Milli Elmlər Akademiyası son vaxtlar elmi nailiyyətlərin istehsalata tətbiqi istiqamətində fəaliyyətini xeyli genişləndirib. Bu məqsədlə yanvarın 30-da Akademiyada Kənd Təsərrüfatı naziri İnam Kərimovla keçirilən görüşdə Akademiya ilə aqrar təşkilatların birgə fəaliyyəti, əldə edilən nailiyyətlərin istehsalata tətbiqi məsələləri xüsusi olaraq önə çəkilib. SİA-nın məlumatına görə, bu günlərdə KT naziri İnam Kərimov Lənkəranda olarkən Lənkəran Regional Elmi Mərkəzinin Meyvəçilik və çayçılıq ETİ-nin Lənkəran çay filialında yerləşən təcrübə bazasına da baş çəkib.

Nazir İnam Kərimovla yanaşı KTN Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Meyvəçilik və Çayçılıq ETİ-nun direktoru İlham Qurbanov, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və başqaları burada həyata keçirilən elmi tədqiqat işləri ilə yaxından tanış olublar. Qonaqları qarşılayan Lənkəran REM-nin direktoru professor Fərman Quliyev indiyədək Meyvəçilik və Çayçılıq ETİ Lənkəran çay filialı ilə birgə apardıqları tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb.

Bildirib ki, ötən müddətdə dörd yeni məhsuldar çay sortu yaradılaraq rayonlaşdırılıb, həmçinin 2 sitrus sortu Dövlət Sort Sınağına təqdim edilib. Digər sitrus sortları ilə bağlı elmi tədqiqat işləri davam edir. Yeni yaradılan sort və növlərin artırılması və onların tezliklə istehsalata tətbiqi məqsədilə əməli tədbirlər həyata keçirilir. Nazir İnam Kərimov və qonaqlar Mərkəzin daxili imkanlar hesabına təşkil etdiyi sadə dumanyaradıcı qurğu, ötən ilin payızında məhdud ərazidə salınan anaclıq tinglik çay plantasiyası ilə də tanış olublar. Yeni yaradılan məhsuldar çay və sitrus sortlarının artırılması məqsədilə professor Fərman Quliyev öz təkliflərini diqqətə çatdırıb. Gördüklərindən razı qalan nazir İnam Kərimov verilən təkliflər əsasında burada daha müasir dumanyaradıcı qurğunun inşa ediləcəyini və sitrus bitkiləri genefondunun daha da genişləndirilməsi üçün köməklik göstərəcəyini bildirib.

Daha sonra KT nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru k.t.e.namizədi İmran Cümşüdov və Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru, k. t. elmləri doktoru İlham Qurbanov Lənkəran Regional Elmi mərkəzinin ofisində olub, burada nümayiş olunan sitrus bitkiləri genefondunun meyvə nümunələrindən ibarət sərgi ilə də tanış olub, razılıqlarını bildiriblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə