"İnsanların ölkəmizə gəlişi və gedişi ciddi surətdə yoxlanılır" ÖZƏL-MÜNASİBƏT

"Artıq hamıya da məlumdur ki, koronovirus təhlükəsi bütün dünyanı əhatə etməkdədir. Amma Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb". Bunu SİA-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.

"Bəzi insanlar sosial şəbəkələrdə bu məsələni şişirdərək dezinformasiya xarakterli məlumatlar yaymaqdadırlar. Bu bir təxribat xarakteri daşıyır. Bəyəm onlar fikirləşmirlər ki, əgər Azərbaycanda belə bir şey olsa dərhal həmin insanlar müvafiq qurumlar tərəfindən nəzarətə alınmalıdırlar və onlar üçün xüsusi yerlər ayrılmalıdır. Azərbaycan dövləti bu məsələlərə biganə qala bilməz. Əlbəttə ki, biz profilaktik olaraq bu cür şeylərə hazırlıqlı olmalıyıq. Çünki bu elə bir xəstəlikdir ki, heç kim bundan sığortalanmır. Ona görə də biz Azərbaycan dövləti olaraq və mən Milli Məclisin Səhiyyə komitəsinin üzvü olaraq insanlara demək istəyirəm ki, heç bir təşvişə, panikaya qapılmasınlar. Azərbaycanda profilaktik olaraq buna qarşı xüsusi tədbirlər görülür. Bu gün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi davam edir. İnsanların ölkəmizə gəlişi və gedişi ciddi surətdə yoxlanılır və bütün bunlar hamısı nəzarət altındadır", - deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...