Sərraf Hüseynov: “Azərbaycan gəncliyinin mövqeyini 300-500 gənc əks etdirə bilməz”- MÜSAHİBƏ (SƏS TV)
Yeni Azərbaycan Partiyası Nəsimi rayon Gənclər Birliyinin sədri Sərraf Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon Gənclər Birliyinin sədri İsaklı Heyran və birliyin sədr müavini Hüseynov Şahmarın SİA-ya müsahibəsi:
- Bu günki Azərbaycan gəncliyi ölkəmizdə gedən ictimai-siyasi proseslərdə necə iştirak edir?
Heyran İsaklı - Azərbaycan gəncləri 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkə həyatında fəal iştirak ediblər. Onlar həmin vaxtdan etibarən ölkənin iqtisadi, siyasi həyatında xüsusi rol oynamağa başlayıblar. Bunun bariz nümunəsi son vaxtlar Azərbaycanda yaranan, gəncləri öz ideyaları ətrafına birləşdirən gənclər təşkilatlarıdır. Onların əsas rolu, vəzifəsi Azərbaycan dövlətçiliyi naminə fəaliyyət göstərməkdən ibarət olmuşdu. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında gənclərimizin xaricdə oxuması, təhsil alması Azərbaycan dövlətinin, dövlət başçısının gəncliyə olan diqqətindən xəbər verir. Bu bizi gənc kimi sevindirir və biz bu addımları ürəkdən dəstəkləyirik. Azərbaycan höküməti və dövlətinin bizim gənclərlə apardığı işdən razılığımızı bildiririk. Azərbaycan gəncləri bu gün həm siyasi, həm iqtisadi, həm də təhsil sahələrində fəaldılar. Ölkədə gedən siyasi inkişaf göz qabağındadır. Biz gənclər dövlətçiliyimiz naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik.
Sərraf Hüseynov - Mən gəncliyin böyük qüvvə olaması ilə bağlı fikirlərlə razılaşıram. Dünyanın əksər yerlərində bir sıra dövlətlər gəncliyin hesabına bərqərar olub. Dünyada bir çox dəyişikliklər gəncliyinin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti uğurla davam etdirilir. Ötən gün Prezident İlham Əliyevin 2010-2015-ci il gənclər proqramı ilə bağlı imzaladığı sərəncam məni çox sevindirdi. Bu, gənclərə olan diqqətin göstəricisidir. Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb. Ölkə iqtisadiyyatı o qədər inkişaf edib ki, bu sahədə gənclər üstünlük təşkil etməyə başlayıb. Hazırda ölkəmizdə gənc sahibkarlar digər sahibkarları üstələməkdədir. Bu da gənclərə yaradılan imkandır. Gənclərin ölkəmizin ictimai- siyasi həyatındakı roluna gəlincə gənclər iki qrupa bölünür, bu bütün dünyada da belədir. Bir qrup gənc dövlətə qarşı öz etirazlarını bildirir, tələblərini irəli sürürlər, digər gənclər isə dövlət siyasətini dəstəkləməklə öz mövqelərini bildirirlər. Biz bu gün dövləti dəstəkləyən gənclər kimi bura toplaşmışıq və Prezident İlham Əliyevin apardığı siyasətə öz dəstəyimizi bildirmək niyyətindəyik. Lakin digər qrup gənclər dövlət siyasətinə dəstək verməyən gənclərdir. Lakin mən hesab etmirəm ki, bu gənclər öz mövqelərindən çıxış edirlər. Burada çox az hissə gənclər var ki, onlar öz mövqelərini deyil, digərlərinin onlardan sui- istifadə edərək başqalarının mövqelərini nümayiş etdirirlər.
Ümumiyyətlə, ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolu aktivdir. İstənilən maneəni aşmaq üçün gənclərdən istifadə oluna bilər. Azərbaycanın inkişafı istiqamətində bu gün ordumuzun əsasını gənclər təşkil edir. Bu gün ölkəmizin ictimai-siyasi simasını gənclər təşkil edir. Ümumiyyətlə, mən gənclərin ictimai-siyasi həyatdakı rolunu yüksək qiymətləndirirəm
Şahmar Hüseynov - Hər bir ölkənin əsasını gənclər təşkil edir. Bu gün xaricdə təhsil alan, müəssisələrdə çalışan gənclərimiz var. Ölkəmizin daxilində gənclərimizin böyük rolu var. Prezident İlham Əliyevin gənclərlə bağlı çox dəyərli fikirləri var. Biz gənclər də ölkə başçısının ətrafında sıx birləşmişik və hər an onun işğal olunmuş torpaqların geri qaytarılması ilə bağlı əmrini gözləyirik. Azərbaycan gəncləri hər an buna hazırdır.
- Azərbaycan gəncliyinin bəzi qüvvələrin təsir altına düşməsi təəssüf doğurmur ki?
Sərraf Hüseynov - Ümumiyyətlə, həmin gənclərin bir çoxu ilə virtual şəkildə söhbətim olub və onların fikirlərini almışam . Həmin gəncləri dövlətdən narazı salan nədir? Orada özünü gənc kimi qələmə verən bir sıra insanlar var ki, hansı ki, onlar gənc hesab olunmurlar, sadəcə olaraq onların hakimiyyət ehtirasları var. Məhz bu səbəbdən də onlar ehtiraslarını söndürmək niyyətlərini həyata keçirmək üçün gənclərdən istifadə edirlər. Bir çox təkcə daxildən deyil, xaricdən olan qüvvələr var ki, həmin qüvvələr niyyətlərini həyata keçirmək üçün müxalif qüvvələrdən istifadə edirlər. Reallığı görən və qiymətləndirən xarici qüvvələr Azərbaycan gəncliyini parçalamaqla sadəcə əsas problemdən uzaqlaşdırmağa çalışırlar. Prezident İlham Əliyev israrla qeyd edir ki, milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsini həll etməliyik. Bu problem gənclərin milli birlik ətrafında birləşməsi ilə həll ola bilər. Lakin bu münaqişənin bir sıra insanlara sərfəli olmadığını bilirik. Buna görə də həmin insanlar gəncləri bu sahədə parçalayaraq onları problemdən yayındırmağa çalışırlar. Lakin mən belə gəncləri düşüncəsiz gənclər kimi qiymətlənidirirəm.
Mən belə düşünürəm ki, həmin gənclər Azərbaycan gəncliyinin mövqeyini əks etdirmir. Azərbaycanda bu gün əhalinin əksər hissəsini gənclər təşkil edir. Ona görə əksər gəncin mövqeyini 300-500 gənc əks etdirə bilməz. Azərbaycan gəncinin mövqeyi vətənini sevən, ölkəsinə sədaqətlə qulluq edən, dövlətin yürütdüyü siyasətə dəstək olan gənclik təşkil edir. Təmsil olunduğumuz Yeni Azərbaycan Partiyasının yarım milyon üzvü vardır ki, onun da 200 minini gənclər təşkil edir.
Heyran İsaklı - Əlbəttə ki, bu bizdə təəssüf doğura bilməz. Mən də sosial şəbəkələrdə bəzi qüvvələrə uyan gənclərlə söhbət aparmışam. Onlara nədən özünüzü hansısa qüvvələrin qurbanına çevirirsiniz kimi sual ünvanlamışam. Onların psevdo orqumentləri ondan ibarət oldu ki, biz ərəb ölkələrində olan proseslərdən ruhlanmışıq. Bu cavabı mən nəinki təəssüf hal kimi, hətta məntiqsizlik kimi qiymətləndirdim. Çünki mənim özümdə belə bir sual yarandı ki, belə olan halda onlar ərəb ölkələrində olan hansı müsbət halı ölkəmizdə tətbiq etməyə çalışırlar? O ölkələrdə ki, hadisələrə nəzər salsaq, orada xarici qüvvələrin müdaxiləsini, vətəndaş müharibəsini görürük Çox təəssüf edirəm ki, müxalifət qüvvələri həmin qüvvələrin təsir altına düşür, onların mövqelərini əks etdirirlər.
Şahmar Hüseynov- Sosial şəbəkələrdə mənfi fikirlərlə çıxış edən gənclər sanki hazırlanmış gənclərdir. Onlar hamısı bir formada formalaşıb cəmiyyətə buraxılan gənclərdir. Çünki o gənclər sosial şəbəkələrdə, keçirdikləri mitinqlərdə də eyni fikirləri səsləndirir, eyni danışırlar. Əgər o gənc ki, Azərbaycanda gedən müsbət prosesləri görə bilmir, dövlət başçısının tapşırığı ilə reallaşan abadlıq quruculuq işlərini görmək istəmir o zaman bu ölkəni tərk etsələr, daha yaxşı olar. Onlara başqa cür qiymətlənidirmək olmaz. O gənclər hazırki cəmiyyət üçün yaramaz cəmiyyətdir.
- Bir gənc olaraq səhv yolda olan, təsir altına düşən gəncləri düz yola dəvət etmək üçün nə edirsiniz?
Şahmar Hüseynov- Bu gəncləri səhv yoldan çəkindimək üçün biz gənclər sosial şəbəkələrdə individual olaraq söhbətlər aparır, bu yoldan çəkindirməyə çalışırıq. Onlara bir sözüm var. Əgər övladlarını kor etmək istəmirlərsə, bu yoldan geri dönsünlər. Onların etdikləri yalnış hərəkətdir və bu addımlar ölkə iqtisadiyyatı, gələcək inkişafımız üçün mənfi təsir göstərə bilər. Bu yoldan çəkindimək üçün gənclərə müraciət edirik və deyirik ki, səhv yoldan geri dönsünlər. Vətənini sevməyən, lazım gəldikdə vətəni üçün canından keçməyi bacarmayan şəxs Azərbaycan gənci kimi qiymətləndirilə bilməz.
Heyran İsaklı - Biz real həyatdan əlavə qarşımıza əsas məqsəd qoymuşuq ki, həmin gənclərin aktiv olduğu yerdə onlarla mübarizə aparaq. Onların ən çox olduğu yer isə sosial şəbəkələrdir ki, biz gənclər də bu şəbəkələr vasitəsilə onlara təsir etməyə çalışırıq. Bundan əlavə Qaradağ rayon gəncləri bu istqamətdə tədbirlərdə aktiv iştirak edir, müzakirələr, həqiqəti göstərmək üçün əlimizdən gələni edirik. Bununla bağlı bizim rayonda gənclərlə iş aparır, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirik. Bu tədbirlər vasitəsilə biz səhv yolda olan gəncləri səhv yoldan yayındırmağa çalışırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB