Bakubus” MMC-nin qarajında avtobuslarda dezinfeksiya işləri aparılıb - FOTO

Bakı Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirir.

SİA "APA"ya istinadən bildirir ki, bu məqsədlə “BakuBus” MMC-də növbəti əks-epidemik dezinfeksiya tədbirləri həyata keçirilib.

Gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya olunub.

İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə Hava limanı ekspress xətt avtobusları da dezinfeksiya edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən, gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər.

Eyni zamanda Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarında həyata keçirilir. Burda da əsasə məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə