“Xocalı soyqırımı 28 il əvvəl baş versə də, bu gün törədilmiş kimi təzədir, acıdır və hər bir azərbaycanlının qəlbini sızıldadır”. Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Politoloq bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən soyqırımdır, amma eyni zamanda insanlığa qarşı törədilən bir cinayətdir: “Bu hadisə bir neçə dövlətin silahlı birləşmələri və terror təşkilatları tərəfindən əvvəlcədən planlaşdırılmışdı və əsas məqsəd həm soyqırımı törətmək, həm də Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq kimi haqlı davasında onu mənəvi qırılma nöqtəsinə gətirmək idi. Ancaq ermənilər buna nail ola bilmədilər. Hər bir millətin milli gücü iki komponentdə dəyərləndirilir. Bunlar milli gücün kəmiyyət və keyfiyyət ünsürləridir. Əgər bir millət öz mübarizəsində milli-mənəvi qırılma nöqtəsinə çatmayıbsa, o millət yaşayır. Azərbaycan xalqının 5 min illik dövlətçilik tarixi var və bu dövrdə heç bir qüvvə milli əzmimizi , milli mənəviyyatımızı qıra bilməyib. Ona görə də, bu gün varıq. Ermənilər bu məqsədlərinə nail olmayıblar və olmayacaqlar da. Əgər ermənilər öz məqsədlərinə nail olsaydılar Azərbaycan xalqı Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov kimi qəhrəmanlar yetişdirə bilməzdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidləri olacaqlar . Cocuq Mərcanlıya qayıdışla başlayan yol Xocalıda cümlə Qarabağda sona çatacaq".
H.Babaoğlu qeyd edib ki, Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaqdır: “Hər il Azərbaycan Prezidenti, Ali Baş Komandanmız başda olmaqla, on minlərlə Azərbaycan vətəndaşının Xocalı soyqırımı abidəsini ziyarət etməsi bir daha ondan xəbər verir ki, biz Xocalıya qayıtmayana qədər, Xocalıya ədaləti bərpa etməyənə qədər, işğal olunmuş torpaqlarımızı, Xocalı şəhərini işğaldan azad etməyənə qədər bu bu proses davam edəcəkdir. Hazırda bu istiqamətdə Azərbaycan dövləti çoxşaxəli fəaliyyət göstərir. Diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsın. Nəticə olaraq, bu gün artıq xeyli sayda ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı hadisəsini soyqırım kimi tanıyıb. Bütün bunlar istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan mühüm addımlardır”.
Sonda isə H.Babaoğlu vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı 28 il bundan əvvəl olmuş bu hadisəni 28 il əvvəlki ürək yanğısı ilə yaşayır: “Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu bizim ümummilli yaramızdır. Eyni zamanda, Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə bağlı hüquqi prosedur aparılır. Cinayətdə əli olan, soyqırımı törədənlərədən 39 nəfərin adı müəyyənləşdirilərək, ilkin istintaq materialları yekunlaşdırılaraq İnterpola təqdim edilib. Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ həmin cinayətkarların cəzalandırılmasına nail ola bilməmişik. Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması, azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət mütləq öz nəticəsini verəcək və Azərbaycan xalqı mütləq Xocalıya , işğal edilmiş bütün torpaqlarımıza qayıdacaq ,ərazi bütövlüyümüz bərpa olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB