"Xalqımız bu qətliamı dünən kimi xatırlayacaq" - AÇIQLAMA

“Dağlıq Qarabağı işğal edən erməni dəstələri illərlə içlərində topladıqları nifrət və kin hissi ilə 613 Azərbaycan türkünü qətlə yetiriblər”. SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Hüseyin Altınalan deyib.

Diplomat bildirib ki, Yuxarı Qarabağın bir hissəsi olan Xocalıda həyata keçirdikləri dəhşətli vəhşiliklə dolu olan bu qırğından 28 il ötür: “Ürəyimizi dağlayan bu qırğının üstündən əsrlər keçsə də, xalqımız bu qətliamı dünən kimi xatırlayacaq. Xocalıda yaşayan azərbaycanlı qardaşlarımızın üzləşdikləri bu qeyri-insani vəhşilikdən məsul şəxslər cəzalandırılmalı və beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün öz vəzifələrini yerinə yetirməlidirlər”.

H.Altınalan vurğulayıb ki, Xocalını qan gölünə çevirən erməni dəstələri illər keçsə belə beynəlxalq məhkəmələrdə ədalət qarşısında cavab verməlidirlər: “105 il əvvəl baş verdiyi iddia edilən hadisələri gündəmə gətirməklə ədalətsiz qərarlar almağa çalışanlar, 28 il əvvəl ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliyə izləyici olaraq qalması və heç bir reaksiya göstərməməsi müsəlman-türk dünyası üçün ikili standartdan başqa bir şey deyil”.

Sonda isə Azərbaycan xalqına başsağlığı verən diplomat deyib ki, Erməni quldur dəstələrinin həyata keçirdikləri qırğında həyatını itirən qardaşlarımızı rəhmətlə anıram, qırğının qatillərini lənətləyirəm və Qarabağın tez bir zamanda işğaldan azad ediləcəyini ümid edirəm.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə