Əhəd Abıyev Zəylik kəndində növbəti səyyar qəbul-görüş keçirib

Əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə fevralın 25-də Daşkəsəndə güclü qarın yağmasına baxmayaraq rayonun Zəylik kəndində keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Zəylik kənd sakinlərini salamlamış, Novruz bayramının ilk Su çərşənbəsi münasibətilə, kənd sakinlərinə su kimi aydınlıq, süfrələrində bol-bol ruzi-bərəkət arzulamışdır.

Əhəd Abıyev çıxışında qeyd etmişdir ki, ölkə başçısı hörmətli cənab İlham Əliyevin səyyar qəbullarla bağlı tapşırıq və tövsiyəsinə əsasən siz kənd sakinlərinin müraciətlərini dinləmək üçün gəlmişik.

Əvvəlki səyyar qəbullarda olduğu kimi bu görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələlərin həllidir. Vurğulamaq istəyirəm ki, vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək daxili imkanlar hesabına həlli mümkün olan məsələləri operativ şəkildə yerində həll edirik, böyük maliyyə vəsaiti və vaxt tələb edən məsələlər barədə Prezident Administrasiyasına lazımi məlumat verməklə aidiyyəti nazirliklər və təşkilatlar qarşısında məsələ qaldırırıq, icrası nəzarətə götürülür.

Hamınıza məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin İtaliya Respublikasında rəsmi səfəri zamanı Roma Papası Fransisk tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Arif qızı Əliyeva Cəngavər Ordeninin ən ali dərəcəsi ilə təltif edilmişdir. Bu yüksək ali ordenlə bağlı hörmətli Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik.

Əziz kənd sakinləri, sabah Daşkəsən Rayon İcra Hakimiyyətində 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək. Xocalı soyqırımı insanlığa qarşı cinayətdir. Biz əminik bu qanlı faciənin cinayətkarları öz layiqli cəzalarını alacaqlar. Çünki belə ağır cinayət cəzasız qala bilməz. Faciə qurbanlarınının əziz xatirəsini ehtiramla anırıq və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən kənd sakinlərini narahat edən məsələlərlə bağlı müraciətlər dinlənilib.

Müraciətlər kənddə tibb məntəqəsinin, Quşçu-Zəylik avtomobil yolunun təmiri, qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi və digər problemlər barədə olub.

Görüşdə sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılaraq qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə