Millət vəkili: “Hər hansı bir narazılıq varsa, bu məhz ölkə daxilində, dioloq çərçivəsində həll edilməlidir” - MÜSAHİBƏ

Millət vəkili: “Hər hansı bir narazılıq varsa, bu məhz ölkə daxilində, dioloq çərçivəsində həll edilməlidir” - MÜSAHİBƏ

Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi:

- Bəzi siyasiləşmiş QHT-lərin radikal müxalifətin pozuculuq aktlarına dəstək verməsi və onların fəaliyyətini qızışdırmaları nə dərəcədə düzgün sayıla bilər?

- Bütövlükdə fəaliyyət bölgüsü baxımından düzgün deyil. Çünki QHT-lərin məqsədi hakimiyyətə gəlmək və hakimiyyət uğrunda mübarizədə iştirak etmək, hər hansı bir siyasi partiyanın sözcüsü, filialı və nümayəndəsi rolunda çıxış etmək demək deyildir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə müxtəlif institutların konkret vəzifələri və fəaliyyət sahəsi müəyyənləşib. Burada siyasi partiyalar ona görə yaradılır ki, onlar siyasi hakimiyyət uğrunda mübarizə aparsın və gələcəkdə də hakimiyyətə gəlsinlər. Amma QHT-lər isə qarşılarına bu məqsədi qoymurlar. Sadəcə olaraq, QHT-lər vətəndaş cəmiyyəti inkişafından tutmuş bütövlükdə ölkənin bütün sahələrində ictimai nəzarəti təmin edən, obyektiv, tərəfsiz və hər şeyi olduğu kimi deməyə çalışan, cəmiyyətin inkişafında maraqlı olan bir strukturlardır. Ona görə də bu gün QHT-lərin xüsusi radikal müxalifətin yanında olması, həmin təşkilatlara dəstək verməsi və bəzi hallarda bu işlərdə iştirakı çox yalnış bir addımdır. Bir sözlə, bu həm Azərbaycan qanunları, həm də dünya praktikası ilə üst-üstə düşmür. QHT-lərin bu gün gördüyü fəaliyyətindən hasil olan nəticə budur ki, onlar məhz siyasi hakimiyyəti hədəfləyən fəaliyyət göstərir və siyasi hakimiyyət uğrunda mübarizənin iştirakçısına çevrilirlər. Hesab edirəm ki, bu, çox yanlış bir yanaşmadır və bütövlükdə QHT fəlsəfəsinə uyğun deyil. Bir QHT rəhbəri ayrı-ayrı siyasi partiyalarda birinci olmasa belə, ikinci şəxs səviyyəsində və yaxud da həmin partiyaların rəhbər orqanlarında təmsil olunurlar. Hesab edirəm ki, bu doğru deyildir. Yəni, QHT-lərin rəhbərləri, partiyanın rəhbər heyəti təmsil olunduğu təqdirdə istər-istəməz partiyanın və onun qarşısında qoyduğu vəzifəni yerinə yetirməsi üçün canfəşanlıq etməli və yaxud da onun qoyduğu tapşırıqları yerinə yetirməlidilər. Bunu edəcəyi təqdirdə isə həmin o müstəqillik, obyektivlik əmsalı pozulur və QHT-lər isə istər-istəməz siyasi partiyanın təmsilçisi qismində çıxış edirlər. Ona görə də istərdim ki, bu gün QHT-lərin rəhbərləri ya siyasi partiyada, ya da QHT-lərdə fəaliyyətlərini davam etdirsinlər. Çünki burada hər iki partiyanın və institutun ümumi oxşar maraqları olsa da əsas hədəflərində ciddi fərqlər var. Qeyd etdiyim kimi, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparır, amma QHT-lərin qarşılarında belə bir vəzifə yoxdur. O baxımdan hesab edirəm ki, bu cür təşkilatlar ümumiyyətlə, seçim edən zaman başa düşməlidirlər ki, onların fəaliyyətindən konkret olaraq cəmiyyət nə qədər faydalanır. Bir sözlə, düşünürəm ki, istənilən halda QHT-lərin bu prosesdə iştirakı az deyil, hətta qanunla da buna icazə verilmir. Ümumiyyətlə, bununla bağlı təklifi ondan ibarətdir ki, QHT-lər siyasi aktivliyi nümayiş etdirən zaman, məhz qeyd etdiyim bu amilləri mütləq şəkildə nəzərdə tutmalıdırlar. Bir sözlə, onlar siyasi partiyaların sözcüsü və əsas filialı kimi çıxış etməməlidirlər.

- Ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının siyasi proseslərə qatılmaları "QHT-lər haqqında qanun"un tələblərinin pozulması demək deyilmi?

- Açıq şəkildə QHT-lər haqqında qanun"da qeyd edilib ki, burada QHT-lər Prezident, parlament və bələdiyə seçkilərində iştirak edə, tərəf tuta və hər hansı siyasi partiyalara maddi dəstək verə bilməzlər. Yəni, onların birbaşa platformasının müdafiəçisi rolunda çıxış edə bilməzlər. Bu isə kifayət qədər əsas verir ki, bu gün məsələyə məhz qanunvericilik prizmasından yanaşaq və qanuni bir qiymət verək. Ona görə də qanunvericilik birmənalı şəkildə, siyasi hakimiyyət uğrunda gedən mübarizədə QHT-lərin iştirakını yolverilməz hesab edir. Bu təkcə Azərbaycanda deyil, eyni zaman, bütün inkişaf etmiş ölkələrdə belədir. Bir daha qeyd edirəm ki, QHT-nin fəlsəfəsi hakimiyyət uğrunda mübarizədə iştirakı tam şəkildə istisına edir. Hakimiyyətlə mübarizə siyasi partiyalar üçündür. Amma bəzən görürsən ki, QHT-lər bir çox hallarda siyasi partiyaların hətta rolunu mənimsəməyə cəhd edirlər. Yəni, burada siyasi partiyaların vəzifələrini icra edirlər, sözcüsü rolunda çıxış edirlər. Bundan sonra da özlərinin mövcud imkanlarından istifadə edərək beynəlxalq aləmdə Azərbaycan əleyhinə müəyyən kampaniyalara rəvac verirlər. Hesab edirəm ki, bu yolverilməzdir və QHT-lər də bunu çox gözəl başa düşürlər. Bir sözlə, düşünürəm ki, bu bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinə çox böyük bir zərbədir.

- Radikal müxalifətlə iş birliyinə gedən QHT-lərin arxasında xarici maraqlı qüvvələrin dayandığını söyləmək olarmı?

- Son vaxtlar bu barədə xeyli dərəcədə fikir mübadiləsi aparılır. Burada heç bir şeyi istsina etməzdim. Yəni, bu gün konkret olaraq demək olmaz ki, radikal müxalifətin və yaxud da onları dəstəkləyən QHT-lərin arxasında hər hansı bir xarici qüvvə dayanmır. Düşünürəm ki, xüsusilə yaxın qonşularmızdan və yaxud da Azərbaycanda stabilliyin, ictimai asayişin davamlı olmasında maraqlı olmayan bəzi qüvvələrin dəstəklədiyi qruplar şəklində QHT-lərə və siyasi partiyalara müəyyən dəstəyin verilməsini də istisna etmək olmaz. Amma düşünürəm ki, bu cür şəxslər və qruplar bilməlidilər ki, birinci növbədə onların hər hansı bir xarici təsiri nəticəsində ölkədə ictimai sabitliyi pozma cəhdləri ilk növbədə milli maraqlara təhdiddir və onların birbaşa dövlətinə, millətinə olan bir basqıdır. Onlar isə bu layihələrdə iştirak etməməlidirlər. Burada istənilən halda hər hansı bir narazıçılıqlar varsa, belə onu məhz ölkə daxilində, dialoq çərçivəsində, təkliflər yolu və müzakirələr ilə həll etməyə çalışmalıdırlar. Yəni, burada hər hansı bir xarici qrupun və qüvvələrin əlində alət olmamalıdırlar. Amma çox təəssüflər olsun ki, son vaxtlar çox ciddi siqnallar daxil olur, belə bir hallar var və bəzən isə dini radikalizmdən siyasi radikalizmə keçidlər olunur. Bəzən isə QHT-lər burada aparıcı rola malik olur. Hesab edirəm ki, millətini və dövlətini sevən vətənpərvər insanlar heç vaxt belə bir layihədə yer almazlar. Digər tərəfdən, bu gün bildiyimiz kimi, cəmiyyətdə QHT-lər üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Onların ən müxtəlif layihələri dövlət tərəfindən dəstəklənir. Ən müxtəlif təkliflərlə dövlət tərəfindən müvafiq reaksiyalar gəlir. Bu gün QHT-lərin elə bir nümayəndəsi olmaz desin ki, mən hansısa bir məsələ ilə bağlı şuraya müraciət etdim və o diqqətdən kənarda qaldı. Bu gün hətta QHT-lərin Dövlət Dəstəyi Şurası hökuməti tənqid edən belə hesabatlara maliyyə ayırmaqdan belə çəkinmir. QHT-lərə fərq qoymadan onlara siyasi platformasına, dünya görüşünü fərq qoymadan bu gün ən yaxşı layihələri dəstəkləyir. Hesab edirəm ki, bu bizim ən böyük uğurumuzdur. Belə bir gözəl platforma olduğu halda düşünürəm ki, QHT-lər başqa bir qanuna və milli maraqlara zidd platforma seçməməlidir. Mən bir şeyi də qeyd etmək istərdim ki, QHT-lərin böyük əksəriyyəti qanuna və milli maraqlara əsasən fəaliyyət göstərirlər. Amma aralarında az da olsa bəzi QHT-lər var ki, onlar qeydiyyatsız fəaliyyət göstərirlər. Hətta bəziləri qeydiyyata heç maraqlı da deyillər. Ona görə də biz hər zaman unutmamalıyıq ki, bizim hər birimizdən müəyyən şeylər asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə