AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları və aidiyyəti üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

İlk olaraq 1992-ci il 26 fevralda ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumi yığıncağın sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclasın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. İlk olaraq BTEB elmi təşkilatlarının 2020-ci il üçün elmi-tədqiqat planları və bu təşkilatlarda 2020-ci il üçün doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiqlənib. Təqdim olunan dissertasiya mövzularının adları ilə bağlı bir sıra vacib məqamlara toxunan akademik İradə Hüseynova alimlərə öz tövsiyələrini edib. Mövzuların aktuallıq dərəcəsi nəzərə alınmaqla və fərqli yanaşmalarla elmə yeniliklər gətirməyin mümkün olduğunu vurğulayan akademik elmdə yeni bir istiqamət açmaqla elmi işin tədqiqinə başlamağın vacib olduğunu diqqətə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı” haqqında 14 fevral 2020-ci il tarixli qərarının icrası ilə bağlı akademik İradə Hüseynova danışıb. Akademik 2020-2023-cü illəri əhatə edən iş proqramının Rəyasət Heyəti tərəfindən qəbul edildiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Qərara əsasən nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələləri birgə müzakirə etmək üçün görüşlərin təşkil olunmasının zəruriliyindən danışan vitse-prezident “Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanmasından söz açıb.

Gündəlikdə yer alan növbəti məsələ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri arasında əməkdaşlığa dair təkliflər haqqında olub. Akademiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən akademik İradə Hüseynova bu əlaqələrin daha da genişləndirilməsi üçün səsləndirilən təkliflərin AMEA-nın büdcədənkənar gəlir əldə etməsi baxımından zəruri olacağını vurğulayıb.

Sonda gündəlikdə duran digər məsələlərə də baxılıb.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...