“Xocalı Soyqırımını unutmadıq!” adlı tədbir baş tutub FOTOLAR

Bu gün Binəqədi rayon Mədəniyyət Evində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutmadıq!” adlı tədbir baş tutub. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev açıb.

QHT sədri həmçinin bildirib ki, bugünkü tədbir Zəngilan rayon 1 nömrəli orta məktəbin şagirdlərinin iştirakı və “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin Zəngilan rayon təşkilatının sədri Cavid Həmzəyevin təşəbbüsü ilə həyata keçirilir: "Xocalı rayonunun işğaldan əvvəl 7 min əhalisi olub və soyqırım nəticəsində 63 nəfər uşaq, 103 qadın, 70 qoca daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub və 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə yer üzündən silinib. İndiyədək Xocalı soyqırımını dünyada 8 ölkə və Amerika Birləşmiş Ştatlarının 21 subyekti tanıyıb. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük əməyi olub. Onun "Xocalıya Ədalət" kampaniyasını hər il davamlı şəkildə həyata keçirməsi bunun əyani sübutdur. Biz də ictimai təşkilat olaraq daima təbliğat, maarifləndirmə işlərini aparırıq”.

Tədbirdə həmçinin Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quliyev də çıxış edib: "Azərbaycanın tarixində şanlı qələbələrlə yanaşı hüznlü günlərimiz də az deyil. Məhz 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində silahsız insanlara qarşı törədilən faciə qəlbimizdə dərin izlər buraxıb. Bizim də vətəndaşlıq borcumuzdur ki, qanlı tarixmizi unutmayaq və onu daima yaşadaq”.

N.Quliyev həmçinin qeyd edib ki, "Xocalıya Ədalət" kampaniyası daima aparılır və gənclər onun ətrafında birləşərək bu təbliğatı geniş şəkildə yayır: “Xocalı soyqırımı, eləcə də digər hüznlü günlərlə bağlı diaspor təşkilatçılatlarımız ölkə xaricində öz işlərini layiqincə yerinə yetirirlər. Gənclər və İdman İdarəsinin öhdəsinə düşən səlahiyyət isə gənclər arasında maarifləndirmə işlərini tətbiq etmək və vətənpərvərlik ruhunu aşılamaqla digər nəsillərə ötürməkdə kömək etməkdir”.

Xocalı Faciəsinin və digər tədbirlərin təşkilində yaxından iştirak edən müəllimlərə və digər heyyət işçilərinə sertifikatlar verilib.

Tədbirdə həmçinin “Xocalımı mənə ver” adlı bədi kompozisiya ilə yanaşı məktəblilərin hazırladığı digər bədii kompozisiyalar da nümiş olunub.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə