AMEA Lənkəran REM-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

AMEA Lənkəran Regional Elmi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mərkəzin direktoru professor Fərman Quliyev çıxış edərək Xocalı soyğırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırıb. Bildirib ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan qətliamdır. Xocalı şəhəri bir gecənin içərisində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü.

Bu faciənin baş verməsində o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, siyasətdən başı çıxmayan insanların olmasıydı. Onların fərasətsizliyi imkan verdi ki erməni separatçıları və onların havadarları belə bir faciə törətsinlər. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı sonrakı faciələrdən xilas etdi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı Soyqırımına hüquqi-siyasi qiymət verdi.

Hazırda cənab İlham Əliyev haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu günlərdə Münhen şəhərində möhtərəm prezidentimiz İlham Əliyevin Ermənistanının baş naziri Paşinyanla keçirilən debatda onu siyasi cəhətdən məğub etməsi dediklərimizə bariz nümunədir. Respublikamızın I vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.

Tədbirdə Mərkəzin əməkdaşı Aydan Dadaşovanın məruzəsi dinlənilib. Natiq erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. Bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.

Məruzə ətrafında Mərkəzin direktor müavini Namiq Qasımov, şöbə müdiri Azər Quluzadə və başqaları çıxış edərək Xocalı soyqırımı günahkarlarının dünyaya tanıdılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə