"Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 3-cü "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsində (DGK) formalaşdırılmış 3-cü "Könüllü gömrükçü" dəstəsinin üzvləri fəaliyyət göstərəcəkləri struktur bölmələrin kollektivlərinə təqdim olunur. Bu məqsədlə təşkil edilən görüşdə DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev, Baş İdarənin əməkdaşları və könüllülər iştirak edib.

Görüşdə Baş idarənin strukturu, fəaliyyət istiqamətləri və iş prinsipləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, dəstənin 300-ə yaxın üzvündən 97 nəfəri növbəti 3 ay ərzində Baş İdarədə çalışacaq, təcrübəli əməkdaşların nəzarətində malların gömrük rəsmiləşdirilməsi, gömrük nəzarətinin həyata keçirilməsi, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydaları, sadələşdirilmiş bəyannamələrin tərtibatı ilə yaxından tanış olacaq, praktiki bacarıqlar əldə edəcəklər.

Görüş Xocalı soyqırımdan da bəhs edilib. Könüllü gömrükçülərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş "Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan və İngilis dillərində çap edilən, Xocalı həqiqətlərindən bəhs edən 2400 ədəd bukletin ölkəmizə səfər edən xarici turistlərə paylanması, onların baş verən bu qətliam barədə məlumatlandırılması işində yaxından iştirak edəcəkləri də diqqətə çatdırılıb.

Görüşün sonunda Xocalı faciəsinə həsr olunan "Sonsuz Dəhliz" sənədli film nümayiş etdirilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə