Baş Prokurorluğun idarəsinə müsabiqə elan edilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Bu prosesin davamı olaraq dövlətimizin başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin daha da artırılması üçün tədbirlərin görülməsi tövsiyə olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, həmin tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 2019-cu il 9 aprel tarixli sərəncamla Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində müsabiqə keçirilib. Şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsi üzrə müvafiq təyinatlar aparılıb.

Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkili məqsədilə fevralın 24-də “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanıb. Eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb.

Həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün martın 3-dək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə