1 milyon 100 min vətəndaşımızın pensiyası necə artdı? AÇIQLAMA-ÖZƏL

“Hər ilin əvvəli pensiyaların sığorta hissəsi indeksasiya olunur. 2020-ci ildə də ölkə üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun olaraq, pensiyalar indeksləşdirildi. Ötən müddət rəzində nazirlik tərəfindən artımlarla bağlı müəyyən proqnozlar verilmişdi ki, ayın əvvəlində Dövlət Statistika komitəsi tərəfindən açıqlanan rəqəmlərdə də biz nazirliyin açıqladığı rəqəmləri gördük. Belə ki, pensiyaların məbləğində 16.6 faiz artım olub”. Bu fikirləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov deyib.

Bəs bu artımlar kimlərə şamil olundu?

O bildirib ki, sözügedən artım ölkə üzrə pensiyaçıların təxminən 93 faizinə şamil olunub: “ Bu 93 faiz ölkədə sığorta prinsiplərinə əsaslanaraq pensiya alan vətəndaşlarımızdır. Yəni vətəndaşlar əmək qabiliyyəti dövründə əmək fəaliyyəti göstərir, ondan sosial sığorta ayırmaları tutulur və fərdi hesabında pensiya kapitalı şəklində formalaşır. Vətəndaş pensiya həddinə çatdığı zaman da məhz həmin kapitala əsasən pensiya təyin olunur. Bu kateqoriyadan olan 1 milyon 100 min vətəndaşımız var. Cari ilin əvvəlində pensiyaların sığorta hissəsi indeksasiyası da məhz onlara şamil olundu”.

Qurum nümayəndəsi söyləyib ki, bu gün minimum pensiya alanlar 200 manat məbləğində pensiya alırdısa, artımdan sonra bu rəqəm 233 manat 20 qəpik təşkil edib: “300 manat pensiya alan vətəndaşlar 349 manat 80 qəpik, 400 manat pensiya alanlar isə 466 manat 40 qəpik alıb. Artıq fevral ayının ödənişləri həyata keçirilib və vətəndaşlarımız bu artımları alıblar”.

Son 10 ilin indeksasiya göstəriciləri

2020-ci ilin yanvarın 1-dən qüüvəyə minən sənəd son 10 ilin indeksasiyaya arasında ən yüksək göstəricisidir: “Buna bənzər indeksiyaya 2008-ci ildə nəzərdə tutulub. Həmin dövrdə 20.8 faiz indeksasiya nəzərdə tutulmuşdu. 2020.-ci ildə bu rəqəmin 16.6 faiz olması da vətəndaşlarımızın pensiyasında hiss edilən dərəcədə artıma səbəb olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə