Rauf Zeyni: “Azərbaycanda həm hüquqi dövlət quruculuğu, həm də vətəndaş cəmiyyəti istiqamətində böyük islahatlar həyata keçirilib” - MÜSAHİBƏ (SƏS TV)
- Azərbaycan QHT-ləri xalqımızın yarası olan Dağlıq Qarabağ həqiqətlərinin Dünya Birliyinə yetərli qədər çatdıra bilirmi?
- Məlumat üçün nəzərinizə çatdırım ki, bəli, bu gün qeyri hökümət təşkilatlarının forumu və digər QHT-lər bu istiqamətdə xeyli işlər görürlər. Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, 20 faiz torpaqlarımızın işğalı, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olması, Dağlıq Qarabağda və ətraf rayonlarda minlərlə tarixi abidələrimizin dağıdılması, işğal altında olan torpaqlarda narkotiklərin əkilməsi və digər bu kimi informasiyaların dünyaya çatdırılması çox əhəmiyyətlidir. Milli QHT Forumunun 12 illik fəaliyyətinə nəzər salsaq, biz ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox əhəmiyyətli işlər görmüşük. Bu il biz fevralda Xocalı soyqırımı ilə bağlı Çexiya və Avstriya respublikalarında səfərdə olduq. Milli QHT Forumu və Beynəlxalq Diaspor Mərkəzinin təşəbbüsü ilə Texnolgiya Universitetində, həmçinin Masarik Universitetində çox böyük tədbirlər keçirildi.
Tədbirlərdə məclisi çex alimləri və bütün elm adamları bilavasitə özləri aparırdılar və özləri xəritədə işğal olunan torpaqları göstərək ölkə həqiqətlərimiz və digər faktlar haqqında tələbələrinə, müəllimlərinə məlumat verirdilər. Biz də orada sadəcə suallara cavab verirdik. Bu nöqteyi nəzərdən demək istəyirəm ki, əvvəllər bu proses beş-altı ölkədə gedirdisə, hazırda dünyanın 50-60 ölkəsində həm soyqırımı, həm 20 Yanvar, həm azərbaycanlıların 31 mart soyqırımı və digər hadisələr və əlamətdar bayramlarımızla bağlı bir sıra tədbirlər həyata keçirilir. Dünya mediasına, dünya QHT-lərinə bu informasiyalar geniş çatdırılır. Biz beynəlxalq təşkilatlarda təmsil olunuruq və ölkə həqiqətləri ilə bağlı təmsil olunduğumuz təşkilatlara, beynəlxalq ictimaiyyətin diqqətinə həm video, həm çap materialları ingilis, fransız, hətta erməni dilində materiallar dünya ictimaiyyətinə çatdırılır.
QHT-lərin bu istiqamətdə apardığı işlərinin əksəriyyəti QHT-lərə Dövlət Dəstəyi Şurasının verdiyi maliyyə ilə həyata keçirilir. Son illərdə ən böyük nailiyyətlərdən biri prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi, daha sonra isə Şuranın yaradılmasıdır ki, bu, vətəndaş cəmiyyətinin inkişafında yeni dövr, yeni imkanlar yaratdı. Bu imkanlar çərçivəsində ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bir neçə film çəkildi, layihələr həyata keçirildi.
Bizim bir sıra xarici ölkələrə səfərlərimiz QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə həyata keçirilir. Bu gün biz əldə etdiyimiz imkanlardan daha səmərəli istifadə etməliyik. QHT-lərin indiyə qədər gördüyü işlər böyük işlərdir. Amma bunlar azdır. Biz bundan da artıq işləməliyik. Bu gün dünya ictimaiyyəti özünü demək olar ki, bu məsələlərdən xəbəri olmamış kimi aparır. Halbuki, onlar Azərbaycan həqiqətlərindən xəbərdardırlar. Ona görə də dünya ictimaiyyətinə, mediasına, informasiya vasitələrinə, təşkilatlara daha çox məlumat çatdırılmalı, xeyli iş görməliyik, bir sözlə, onların qapısından əl çəkməməliyik. Bu işləri təksə soyqırımı ərəfəsində deyil, bütün il ərzində görməliyik. Bu istiqamətdə kompleks və sistemli şəkildə iş aparmalıyıq ki, dünya ictimaiyyəti gerçəkliklə barışsın, bizə inansınlar.
Burada xüsusi məqamı da qeyd etməliyik ki, 80 il ərzində bizim bu istiqamətdə hər hansı bir iş görmək imkanımız olmayıb. Sovetlər dövründə bizə iş görmək üçün imkan verməyiblər, lakin ermənilər bu illər ərzində qondarma soyqırımlarını, faciələrini yaymaq istiqamətində iş görüblər. Ona görə də bizim işimiz dünya ictimaiyyəti tərəfindən asanlıqla qəbul olunmur. Onlar fikirləşirlər ki, nə oldu o zaman ermənilərin qırılması ilə bağlı məlumatlar yayılırdı indi də azərbaycanlıların. Ona görə də biz bu məsələləri beynəlxalq standartlara, hüquqlara uyğun olaraq, gerçəkliklər və faktlar əsasında sübut etməliyik. Lakin biz faktlarımızı düzgün təqdim etməyi bacarmalıyıq. Təqdimatdan çox şey asılıdır. Həqiqətləri dünyaya onların dilində çatdırmalıyıq.
20 ildir ki, biz müstəqilik bizim ölkə həqiqətlərimiz ilə bağlı sənədli, qısa və ya tammetrajlı bir filmimiz olmalıdır ki, onu dünyaya göstərə bilək. Faciəmizin nədən ibarət olduğunu dünya ictimaiyyətinə çatıraq. Amma son illərdə çəkilən filmlər təxminən dərs söyləmək görüntüsü yaradır. Dərdi deməklə dərdini anlayan az olar, əsas məsələ o dərdi hansı formada çatdırmaqdır. Biz çatdırmağın məzmununu, üsulunu tapmalıyıq. Ona görə də bu istiqamətdə istər medianın, istərsə də QHT-nin görəcəyi işlər hələ çoxdur.
- Bəzi QHT rəhbərlərinin, xüsusilə də Leyla və Arif Yunusovların xaricdən qrant alıb ölkəmizin milli maraqlarına qarşı bəyanatlar yayması təəccüb doğurmur ki?
- Hər bir QHT-nin nizamnaməsi və proqramı var və o həmin nizamnamə, proqram çərçivəsində fəaliyyət göstərir. Yəni niyyətləri nədən ibarətdirsə, o əsasda da fəaliyyət göstərirlər. Azərbaycan demokratik dövlətdir və belə olan halda hər bir vətəndaşın konstitutsion hüquqları var. Hər bir vətəndaş QHT yarada bilər və fəaliyyət göstərə bilər. Lakin burada niyyət məsələsi var. Kimsə Azərbaycan dövlətinə xidmət etmək, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yüksək səviyyədə qurulmasına xidmət edirsə öz təşkilatını da o istiqamətə yönəldir. Kimsə xarici sifarişlə hərəkət etmək istəyirsə, hansısa qrant aldığı təşkilatın məqsədinə, məramına xidmət etmək istəyirsə o da o istiqamətdə fəaliyyət göstərir. Mən ad çəkmək istəmirəm, hər bir qeyri-hökumət təşkilatı QHT haqqında qanun çərçivəsində fəaliyyət göstərməlidir. Qanunda qeyd edilir ki, QHT-lər siyasi hakimiyyət uğrunda mübarizə aparmır. Bizim məqsədimiz vətəndaş cəmiyyətinin inkişafı uğrunda fəaliyyət göstərmək, mübarizə aparmaqdır. Ona görə də, hansı qeyri-hökumət təşkilatı Azərbaycan dövlətinin əleyhinə, ölkəmizin maraqlarına, QHT qanuna zidd olaraq fəaliyyət göstərirsə, mən sizin vasitəsinizlə hüquq mühafizə orqanlarına müraciət edirəm ki, buyurub faktları aşkar etsinlər, biz də öz növbəmizdə, əgər belə faktlar olarsa, o zaman QHT-ləri ictimai qınağa dəvət edərək onları ölkəmizin əleyhinə hərəkət etməməyə dəvət edərik. Ümumilikdə, biz bu halı qəbul etmir və pisləyirik .
- Bəzi QHT-lərin radikal müxalifətin keçirdiyi icazəsiz aksiyalarda iştirak etməsini QHT haqqında qanunun pozulması kimi qiymətləndirmək olarmı?
- Hər hansı bir vətəndaş yalnız vətəndaş olaraq aksiyada iştirak edirsə, yenə də bu onun konstitutsion, demokratiyanın ona verdiyi hüquqdur. Lakin QHT olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edibsə və ona aksiya keçirməyə icazə verilmədiyi təqdirdə aksiyada QHT olaraq iştirak edirsə, bu, əlbəttə ki, qanuna ziddir. QHT-nin təşkilat olaraq siyasi hakimiyyət uğrunda mübarizədə iştirakı təsdiq olunursa, o zaman həmin QHT qanunu pozur və qanunauyğun olaraq cəzalandırılır.
- Azərbaycan dövləti bu il müstəqilliyinin 20 illiyini qeyd edir. Bizim əsas məqsədimiz hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq idi. Bu sahədə hansı pillədə durduğumuzu düşünürsünüz?
- Mən düşünürəm ki, mürəkkəb vəziyyətlərə, torpaqlarımızın işğal altında olmasına baxmayaraq keçdiyimiz 20 ildə çox şeyə nail olmuşuq. Son 20 ili təhlil etdikdə görürük ki, böyük nailiyyətlər, zirvələr fəth etmişik. Həm hüquqi dövlət quruculuğu, həm də vətəndaş cəmiyyəti istiqamətində böyük islahatlar həyata keçirilib. 100 il bundan qabaq "bir kərə qalxan bayraq bir daha enməz" ifadəsi öz yerini alıb. Bu gün həmin bayraq prezident İlham Əliyev tərəfindən 162 metr hündürlüyə qaldırılaraq "Ginnesin rekordlar kitabı"na daxil olub, ən yüksək zirvədə dalğalanır. Bu birmənalı şəkildə ölkəmizin nailiyyətdir. Keçirdiyi bütün dövlət tədbirlərində prezident qeyd edir ki, bu bayraq Xankəndində, Şuşada dalğalanacaq. Dövlətimizin birmənalı şəkildə iqtisadi irəliləyiş əldə etməsi, regionda lider dövlətə çevrilməsi, nailiyyətlər əldə etməsinə elə-belə baxmaq lazım deyil. Bütün bunlarla yanaşı sabitliyin mövcud olması, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi yüksək nəticədir. Bu illər ərzində ölkəmiz gözəl bir Avropa ölkəsinə çevrilib. Bütün bunlar 24 sahədə fəaliyyət göstərən QHT-lərin fəaliyyət və hesabatlarında öz əksini tapır.
Təbii ki, nöqsanlarımız da var. Bu gün müəllimlərin, həkimlərin maaşlarının artırılması, təhsil, səhiyyədə islahatların aparılması vacibdir. Elə şeylər var ki, biz onları 20 ildir çatdırıb edə bilməmişik. Bu bizim qarşıdakı mühüm işlərimizdir ki, onları həyata keçirməliyik. Amma Ermənistanı, Gürcüstanı, Moldovanı, digər MDB ölkələrini, hətta Rusiyanı götürdükdə Azərbaycanda vəziyyət oradan qat-qat yaxşıdır.
Bu gün bütün insanlar erməni kimi məkrli düşmənimizin olduğunu nəzərə almalıdır. Torpaqlarımız qaytarılmayana qədər biz sabitliyi poza bilmərik. Azərbaycan əhalisi dövlət başçısının torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı əmrini gözləməlidir. Bu gün münaqişənin həlli istiqamətində hər hansı razılaşma əldə olunan, yaxın zamanlarda konfliktin həllini tapacaq zamanda kimlərinsə marağı əsasında stabilliyin pozulması düzgün deyil. Buna yol vermək olmaz. Azərbaycan demokratik dövlətdir. Burada istənilən aksiya keçirmək olar. Lakin xüsusi bir proseslərdən ruhlanaraq məqam güdüb bu cür addımlar atmaq qeyri-ciddi məsələlərdir. Müxalifətin məqsədi hakimiyyətə gəlməkdir. Onlar bu məqsədlərini qanun çərçivəsində, seçki əsasında həyata keçirə bilərlər, bu cür addımlarla deyil. Bu haqda dövləti qurmayan insanlar düşünə bilər, bizim sadəlövh düşünməyə mənəvi haqqımız yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB