Samir Adıgözəlli: "Azərbaycanda müəyyən bir qüvvənin qarışıqlıq yaratmaq istəməsi heç kim tərəfindən yaxşı qarşılanan hal deyil" - MÜSAHİBƏ
Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri Samir Adıgözəllinin SİA-ya müsahibəsi:
- Bildiyimizə görə, bu yaxınlarda Türkiyənin Qars şəhərində səfərdə olmusunuz və İğdır şəhərində yerləşən soyqırımı abidəsini ziyarət etmisiz. İlk öncə səfər təəssüratlarınızı bizimlə bölüşərdiniz...
- Məlum olduğu kimi, 30 mart-2 aprel tarixlərində Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev başda olmaqla böyük bir nümayəndə heyəti Türkiyənin Qars vilayətində səfərdə olmuşuq. Səfərin məqsədi 31 mart Azərbaycan türklərinin soyqırımı günü ilə bağlı tədbirlərdə, o cümlədən aprelin 1-də nəzərdə tutulan "türk-erməni" dostluğuna qoymuş abidənin sökülməsi mərasimində iştirak etmək idi. Bildiyiniz kimi, bu abidənin sökülməsi ilə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan konkret göstəriş verib.
Səfərimiz çox uğurlu olub. İlk öncə Qars vilayətində yaşayan azərbaycanlılarla görüşlərimiz keçirilib. Ümummilli lider Heydər Əliyev və türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidələrini ziyarət etdik. Daha sonra Azərbaycan baş konsulu bizi qəbul edib və çox səmimi bir görüşümüz keçirilib. Burada iki ölkə arasında əlaqələr, birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra "Qafqaz" Universitetində böyük bir görüş keçirilib. 31 mart Azərbaycan türklərinin soyqırımı ilə bağlı geniş məruzələr aparılıb və şəhidlərin xatirəsi anılıb. Nümayəndə heyəti universitetdə yaradılmış Heydər Əliyev mərkəzi ilə tanış olub və BDM-in sədri İsmayıl Ağayev tərəfindən oraya hədiyyələr təqdim edilb.
Səfər çərçivəsində Sultan Bəy Sultanovun nəvəsi Rüstəm Paşabəyoğlu da bizimlə bərabər idi. Səfər çərçivəsində nümayəndə heyəti Qarsın Qoç kəndində uyuyan Azərbaycanın milli iftixarlarından olan Sultan Bəyin məzarını ziyarət ediblər. Kənd camaatının iştirakı ilə kəndin köhnə məzarlığında keçirilən anım mərasimində BDM-in sədri İsmayıl Ağayev və tarixçi Nazim Tapdıqoğlu öz çıxışlarında Sultan Bəyin erməni zülmünə qarşı apardığı mübarizədən söhbət açaraq onun keçdiyi həyat yolu barədə iştirakçılara məlumat veriblər. Mərasimdə iştirak edən Sultan Bəyin qardaşı İsgəndər Bəyin nəvəsi Rüstəm Paşabəyoğlu babalarını və onların silahdaşlarını yad etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Hazırda Beynəlxalq Diaspor Mərkəzində həmin məzarda abidənin qoyulması barədə təkliflər paketi hazırlayır. Bu il Soltan Bəyin 140 illiyidir. Yəqin ki, bununla bağlı dövlət səviyyəsində də bir sıra addımlar atılacaq. Təbii ki, biz də öz növbəmizdə bir sıra tədbirlər hazırlayırıq.
Ən mühüm amil Qarsın Türkiyənin Qafqaza açılan qapısı olmasıdır. Qars Güneyin Qafqazı kimi bildirilir. Sözdə, türk-erməni dostluq abidəsinə Türkiyədə insanlıq adı deyənlər də var. Bunun Qarsda qoyulması ilə hansısa qüvvələr Türkiyəni Ermənistan qarşısında əymək istəyirlər. Beynəlxalq səviyyədə türk dünyasına qarşı təxribat siyasətilə Türkiyəni üstələmək istəyirlər. Bu abidənin sökülməsi ilə bağlı fikirlərin yenidən appelyasiya şikayətinə verilməsi Türkiyənin siyasəti və maraqlarının zidd bir amildir.
Buna görə də Beynəlxalq Diaspor mərkəzi aprelin 1-də sözügedən abidənin qarşısında aksiya keçirib. Aksiyada Qarsda təhsil alan türk və azərbaycanlı tələbələr, həmçinin QHT nümayəndələri də iştirak ediblər. Oradan Ermənistan sərhədinə səslənərək ermənilərin bu günə qədər törətdikləri vəhşiliklər qınanıb, bir ay öncə qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun timsalında öldürülən bütün uşaqların və günahsız insanların qatilləri olan "sarkisyanların cavab verəcəyi vaxt gələcək" şüarları səslənib. Aksiyada çıxış edənlər həmçinin Türkiyənin baş naziri R.T.Ərdoğanın, bu sözdə abidənin sökülməsi ilə bağlı göstərişini alqışladıqlarını bildiriblər.
Abidənin sökülməsi ilə bağlı mənim də çıxışım oldu. Bildirdim ki, abidə buradan nə qədər tez sökülərsə, bu türk dünyasında çox böyük iz buraxacaq. "Azərbaycan-Türkiyə ilə bir yerdə olacaq" deyə belə şüarlar səsləndirdik. Həmçinin, etiraz aksiyasında Ermənistanın qətiyyən sakitliyə, danışıqlara getmək fikrində olmadığını, ancaq hərtərəfli təxribatla məşğul olduğunu dilə gətirildi. Dəfələrlə atəşkəsin pozulması, danışıqlardan qaçması prezident Sarkisyanın özünü gülünc vəziyyətə salır. Proseslər göstərir ki, artıq onun zamanı qısalıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi var və bunlar imkan verir ki, NATO, dünyanın sülhməramlı qüvvələri, o cümlədən Azərbaycanın Silahlı Qüvvələri bu günləri öz torpaqlarını azad etsin. Bir sözlə Türkiyədə keçirdiyimiz tədbirləri biz uğurlu hesab edirik. Bu, Beynəlxalq Diaspor Mərkəzinin xarici ölkələrdə apardığı tədbirlər silsiləsindən biri oldu. Bu istiqamətdə işlərimizi gələcəkdə də davam etdirəcəyik.
- Bir çox hallarda diaspor mərkəzlərinin xarici ölkələrdə təşkil etdiyi tədbirlərdə yalnız orada yaşayan azərbaycanlılar iştirak edir. Bəs, sizin təşkil etdiyiniz tədbirlərdə türklər nə dərəcədə iştirak edir və onların bu məsələlərə marağı necədir?
- İlk öncə bunu deyim ki, Türkiyədə erməni soyqırımına, iddialarına qarşı təşkilat fəaliyyət göstərir. Həmin təşkilatın üzvləri də səfər zamanı bizimlə bir yerdə idilər. Bundan əlavə, səfər çərçivəsində bir neçə QHT üzvləri, partiya nümayəndələri, universitetin müəllimləri və ziyalıları bizimlə həmsöhbət oldular. Bu baxımdan Çanaqqalada keçirdiyimiz tədbirlərdə daha aktiv idilər. Bundan başqa, biz Xocalı faciəsi ilə bağlı artıq 3-cü ildir ki, Çexiyada tədbirlər keçiririk və bunların hamısında çexiyalılar iştirak edib. Ziyalıları, müəllimləri, çex mətbuatı və tələbələri bu məsələlərlə yaxından maraqlanıblar. Yəni, yaxın və uzaq məsafədən asılı olmayaraq hansısa ölkədə tədbir keçirilirsə, orada ölkənin ictimaiyyət, mətbuat nümayəndələri yaxından iştirak edirlər. Biz də istəyirik ki, Azərbaycanla bağlı informasiyalar, keçirilən tədbirlərdə səsləndirilən fikirlər, qarşıya qoyulan bəyanatlar həmin ölkələrin informasiya vasitələrinə çıxarılsın ki, Belçika, Almaniya, Rusiya vətəndaşları və başqaları bundan agah olsun. Bu gün çox vacibdir ki, xarici ölkələrin insanları qaldırılan məsələlərdən xəbərdar olsunlar.
- Son aylar Şərq dünyası ölkələrində yaşanan hadisələrdən sonra Azərbaycanda da bir qrup qüvvələr paytaxtda aksiya keçirməklə guya o hadisələri burada təkrarlamaq istəyirlər. Ümumiyyətlə, bu məsələləri və ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Liviya liderinin hərəkətlərinə pis qiymət vermək istəməzdim. Ancaq qeyd edim ki, əgər belə gedərsə, çox böyük bədbəxt hadisələr gözlənilir və ölkə terror mərkəzinə çevriləcək. Ölkənin lideri pis adam olsa, şəxsi məqsədləri üçün çalışsa da, bu imkan vermir ki, həmin ölkənin vətəndaşları bu formada hərəkət etsin. O torpağın vətəndaşları düşünməlidir ki, bizim torpaqlarımız bu gedişlə hara gedəcək?
Bizim ölkədə əvvala dövlət başçısı İlham Əliyev korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı açıqlama verirsə, kütləvi informasiya vasitələrində hər gün səslənirsə, biz də istənilən qanun pozuntusunun, rüşvətxorluq, məmur özbaşınalıqları ilə bağlı problemlərin aradan qaldırılmasına çalışmalıyıq. Bunu ölkə rəhbərliyi deyirsə, burada əlavə nə isə kəşf etmək, etiraz aksiyası keçirtmək mənasızdır. Qarışıqlıq yaratmağa və burada hansısa mənfəət güdməsinə istiqamətlənən hərəkətin olması əsassızdır. Bu hadisələr zamanı biz Türkiyədə idik. Bu heç də ürəkaçan bir şey deyil və fikrimizcə, bəzi siyasi qüvvələr qrand müxalifətçiliyindən əl çəkməlidir. Müxalifətçilik bizə yaxşılıq verməz, əksinə qrand müxalifətçiliyi və qarışıqlıq yaratmaq istəyən qüvvələr əslində ölkə prezidentinin apardığı mübarizəyə, hüquq normalarını pozmağa yönəlib. Bu il Azərbaycan müstəqilliyinin 20 illiyi qeyd olunur. Yaxşı olardı ki, müstəqilliyimizi, ərazi bütövlüyümüzü, dövlətimizə sadiqliyini qoruyaq. Təbii ki, sözlər deyilməli, çıxışlar olmalıdır. Azərbaycan Amerikadan kifayət qədər demokratik bir ölkədir. Burada insanlar ölkə rəhbərliyi haqqında istənilən çıxışları edir, müxalifət öz mövqeyini bildirir. Amerikada bu dərəcədə azadlıq yoxdur.
Dünyanın artıq gözü açılıb. Bütün dünya çox gözəl bilir ki, məqsəd nədən ibarətdir. Bugün də Azərbaycanda hansısa müəyyən bir qüvvənin qarışıqlıq yaratmaq istəməsi heç kim tərəfindən yaxşı qarşılanan hal deyil. Əlbəttə ki, kimisə düşmən elan etmədən öncə addımlara diqqət yetirmək lazımdır ki, ölkəmiz nəyi udar, nəyi uduzar? Buna görə də demokratik metodlar var. Mübarizə metodlarından biri də təbii ki, bu aksiyalardır. Kütləvi aksiyaların hamısı qanuna uyğun halda getməlidir. Aksiyalar qanun çərçivəsində olmalıdır ki, bu ölkəyə xələl gətirməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB