Xocalı soyqırımının ildönümü ilə əlaqədar İstanbulda fotosərgi təşkil edilib - FOTOLAR

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil edilib. SİA xəbər verir ki, fevralın 24-dən 26-dək davam edəcək sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşdırılıb. Burada Xocalı qətliamının dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.

Sərgi barədə məlumat verən ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev tədbirin keçirilməsində əsas məqsədin bu qanlı hadisəni dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.

M.Hacıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar konsulluğun təşkilatçılığı ilə İstanbulda keçiriləcək tədbirlər barəsində də məlumat verib. Diqqətə çatdırıb ki, fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində həmin günün dəhşətlərini əks etdirən videoçarx nümayiş etdiriləcək, afişalar yerləşdiriləcək. Baş konsul soyqırımı qurbanlarının xatirəsinin digər tədbirlərlə də yad ediləcəyini bildirib.

Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi “Yenikapı” sərnişinlərin ən çox istifadə etdiyi metro stansiyasıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə