"Konteynerlərin hədəflənməsi" mövzusunda təlim keçirilir

Fevralın 24-də Bakı şəhərindəki "Holiday İnn" otelində "Konteynerlərin hədəflənməsi" mövzusunda təlim başlayıb. SİA-nən xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının birgə həyata keçirdiyi "Hunter" layihəsi çərçivəsində reallaşdırılan təlimdə Komitənin aidiyyəti struktur bölmələri, ərazi və ixtisaslaşmış gömrük idarələri və Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları iştirak edir.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanları tərəfindən gömrük işinin daha çevik və müasir metodlarla tənzimləndiyini, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırıldığını, beynəlxalq təcrübə nəzərə alınmaqla daha müasir idarəçilik metodlarının tətbiq edildiyini diqqətə çatdırıb.

"Hunter" layihəsinin əhəmiyyətindən bəhs edən Səməd Qaralov bu çərçivədə qurulan səmərəli əməkdaşlığın potensialın gücləndirilməsi, prosedurların sadələşdirilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib.

Vurğulanıb ki, təlim qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində səmərəli gömrük nəzarətinin təşkili və təhlükələrin qarşısının alınması istiqamətində mühüm fayda verəcək və bu sahədə gömrük əməkdaşlarının biliklərinin artırılmasında önəmli rol oynayacaq.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan "Hunter" layihəsinin sərhədkeçmə prosesləri zamanı təhlükəsizliyin təmin olunması,qaçaqmalçılığa qarşı mübarizə istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qulu Novruzov təlimlərdə iştirak edən əməkdaşların qazandıqları bilik və bacarıqları daha sonra təlimçi qismində digərlərinə ötürməsinin vacibliyini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının nümayəndələri Andrey Edmond və Lance Cruse çıxış edərək "Hunter" layihəsi çərçivəsində DGK ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, eyni zamanda, Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...