Mübariz Qurbanlı: "Azərbaycan dünyada nümunəvi bir ölkə kimi tanınır" - MÖVQE

Azərbaycanda bütün sahələrdə olduğu kimi, din sahəsində də sabitlik mövcuddur. Bunu açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan dünyada tolerantlığa, multikultural dəyərlərinə görə nümunəvi bir ölkə kimi tanınır: "Fevralın 22-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə də Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərə toxunub. Azərbaycanda müxtəlif dini konfessiyalar, dini təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur. Baxmayaraq ki, bəzi ölkələrdə biz dini baxımından məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik höküm sürür.

Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Eyni zamanda Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniya möhkəmlənib, bütün dini konfessiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizə istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr Azərbaycandakı bu sabit vəziyyəti yüksək qiymətləndirirlər".

M.Qurbanlı bildirib ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə də mühüm töhfə verir: "Bilirsiniz ki, ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dini liderləri iştirak edirdilər. Sammitdə bütün çıxışlarda Azərbaycandakı dini durum yüksək dəyərləndirildi. Bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın multikultural, tolerant dəyərləri dünya miqyasında tanıdılır.

Bildiyiniz kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Əlbəttə, bu, eyni zamanda beynəlxalq aləmdə Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən böyük dəyərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...