İri kvadratlı mənzillər niyə ucuzlaşdı? Əmlak bazarında son VƏZİYYƏT

İri kvadratlı mənzillər niyə ucuzlaşdı? Əmlak bazarında son VƏZİYYƏT

“Əvvəllər əmlak ekspertləri əmlak bazarında vəziyyəti satış ofislərindən əldə etdikləri informasiyalar, eləcə də Ədliyyə Nazirliyindən alqı-satqı ilə bağlı çıxarışların sayı əsasında müəyyənləşdirirdilərsə, hazırda bununla bağlı şərtlər tamamilə dəyişib”. Bu fikirləri SİA-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, çünki hazırda böyük tikinti şirkətləri müxtəlif reklamlar vasitəsilə müştəri əldə etməklə satışı birbaşa özləri həyata keçirirlər: “Bu baxımdan hazırda bazarların ekspertlər tərəfindən kontrol edilməsi daha çətinləşib. Ona görə ki, çıxarışsız mənzillərin satışı ilə bağlı rəqəmləri dəqiqləşdirmək daha çətindir. Çünki, çıxarışsız mənzillər bəzən bir il müddətində bir neçə dəfə satışa çıxarıla bilir”.

Daşınmaz əmlakla bağlı alıcıq qabiliyyətinə gəlincə, ekspert söyləyib ki, 2019-cu ildə bu rəqəmlər daha fərqli olub: “Əvvəllər şəhərin mərkəzində, yeni binalarda daha iri kvadrata malik mənzillərin satışı daha çox olurdu. Çünki insanlar buna yatırım kimi baxırdılar. Lakin 2019-cu ildən bazarda vəziyyət tamamilə dəyişib. Bu il satılan daşınmaz əmlakların 70-80 faizi sırf ehtiyac üçün alınır. Bura ipoteka kreditləri vasitəsilə alınan, sosial, tikinti şirkətlərinin özlərinin daxili kreditləri vasitəsilə, satılan və ya da az kvadratlı mənzillər daxildir. İnsanlar arasında tələbat daha çox 1 və ya iki otaqlı mənzillərədir”.

E. Fərzəliyev qeyd edib ki, azkvadratlı mənzillərə olan tələbatın artması, böyük kvadratlı mənzillərin satış qiymətində enmələrə səbəb olub: “ O bildirib ki, insanların irikvadratlı mənzillərə tələbatının azalmasının digər səbəbi yeni tikilən binalarda 2019-cu ilə qədər çıxarışların olmamasıdır. Ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin sonuna qədər 400 yeni tikilən binada çıxarışın verilməsi təmin olunub”.

Ekspert qeyd edib ki, yeni tikilən binalarda çıxarışların olmamasının ölkəyə vurduğu əsas ziyanlardan biri insanların ikinci,üçüncü mənzillər almaq üçün Avropa, Türkiyəyə üz tutmasıdır: “Bunu statistik rəqəmlərdə də görmək mümkündür. Maliyyə axının başqa ölkəyə yönəlməsi ölkə iqtisadiyyatı üçün ziyanlıdır. Bu sahəni inkişaf etdirmək üçün işlər paytaxta yönəlib. Lakin bölgələrdə də yüksək səviyyəli binalar tikilsə, regionların sosial iqtisadi göstəricilərinə müsbət təsir edə bilər. Bir bina tikilərkən ən azı bir neçə il müddətində müxtəlif tikinti materiallarına ehtiyac yaranır və həmin materailları istehsal edən müəssisələr dayanmadan fəaliyuyət göstərir. Bununla yanaşı, bina tikintisi bölgələrimizdə yaşayan əhali üçün əlavə iş yerləridir. Bina tikilib tam başa çatdıqdan sonra onun daxili işlərini görmək üçün istifadə olunan materaiallar ölkə bazarından alınır, bu da nəticə etibarı ilə iqtisadiyyatın oyanmasına səbəb olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə