ANAMA Sumqayıtda əl qumbarasını zərərsizləşdirib

Fevralın 21-də saat 18:38-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Bakı” restoranın yaxınlığında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

SİA ANAMA-ya istinadən bildirir ki, məlumata əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 15 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...