Ermənistan ordusunda yoluxucu xəstəliklər tüğyan edir

Ermənistanın baş naziri Nikol Paşinyan orduda baş verən son ölüm hadisələri ilə əlaqədar Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə birgə müşavirə keçirib. SİA erməni KİV-lərinə istinadla xəbər verir ki, N.Paşinyan Müdafiə Nazirliyinin rəhbərliyinə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinə səfər edərək oradakı real vəziyyətlə tanış olmağı tapşırıb.

O, xüsusilə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində acınacaqlı vəziyyət, tibb xidmətinin yarıtmazlığı və tibbi ləvazimatların qıtlığı səbəbindən şəxsi heyət arasında geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması barədə tapşırıq verib.

Tapşırıqdan dərhal sonra Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordu komandiri, tibb xidmətinin rəisi, diviziya komandiri, Ermənistan Müdafiə Nazirliyinin tibb xidmətinin vəzifəli şəxsləri və Ağdərə hərbi polis şöbəsinin əməkdaşları hərbi hissələrin bölmələrində şəxsi heyətin kütləvi xəstələnmələrinin səbəblərini müəyyən etmək məqsədilə araşdırmalara və yoxlamalara başlayıblar.

Şəxsi heyət arasında kəskin respirator xəstəliklərin artması ilə əlaqədar bir taborda karantin elan edilib. Otuzdan çox əsgər su çiçəyinə tutulduğundan hərbi hospitala yerləşdirilib, alayın iki hərbi qulluqçusu isə sətəlcəm diaqnozu ilə İrəvan hərbi hospitalına göndərilib. Araşdırma nəticəsində məlum olub ki, suçiçəyi xəstəliyinə tutulan əsgərlərin əksəriyyəti hərbi xidmətə yeni çağırılanlardır. Xəstəliklərlə əlaqədar alayda günün nizam qaydaları pozularaq səhər idmanı təxirə salınıb.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün hərbi hissənin ehtiyat bölmələrinin bölük və taqım komandirləri ilə profilaktik tədbirlər mövzusunda məşğələlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə