Masallıda Xocalı faciəsinin qurbanları anılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin vəQarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai birliyinin Masallı rayon filialının birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində Xocalıda törədilmiş soyqırımın 28-ci ildönümünə həsr edilmiş “Xocalı qisasa çağırır bizi” mövzusunda anım tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlillərivə Şəhid Ailələri İctimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov,Masallı rayonu Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı sakini Kamilə Quliyeva, müharibə veteranı Cəmaləddin Məmmədov, şəhid ailələri, gənc könüllülər iştirak edib.

Tədbirdə çıxış edənlər bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil hücum etmiş və dinc, silahsız əhaliyə qarşı amansız qırğınlar törətmişlər. Həmin faciədən 28 il keçməsinə baxmayaraq erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamış, BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri yerinə yetirilməmişdir.

Çıxışlarda həmçinin vurğulanmışdır ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımışlar. Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə yol açılır, terror, ekstremizm üçün zəmin yaranır.

Tədbirin sonunda Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində təşkil “Xocalı soyqırımı” ilə bağlı sərgi nümayiş etdirildi.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə