Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb. SİA xəbər verir ki, bu gün ETSN-də mətbuat konfransı keçirilib, elektron məlumat bazasının təqdimatı olub və bu barədə məlumat verilib.

Mərbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev iştirak edib və elektron məlumat bazasının əhəmiyyətini vurğulayıblar.
İlk öncə çıxış edən ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qeyd edib ki, vizual məlumat bazasının yaradılması müsbət başlanğıcdır. O, həmçinin vurğulayıb ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir.

Ardınca çıxış edən Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib ki, təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. O, həmçinin qeyd edib ki, nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov vurğulayıb ki, yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına qərar veriləsinə böyük dəstək olacaq. Baş mühəndis həmçinin diqqətə çatdırıb ki, bu vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev isə qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusilə Ekoloji Ekspertiza idarəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir çox istiqamət üzrə sıx əməkdaşlıq edir. O, eyni zamanda vurğulayıb ki, bu gün təqdim edilən yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazanın yaranması, məlumat mübadiləsi işinə həmçinin Komitə olaraq şəhərsalma sənədlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edəcək.

Sonda mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilib və konfrans müzakirələrlə yekunlaşdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...