Aztəminatlı ailələrə hansı meyarlara əsasən sosial yardım edilir? AÇIQLAMA

"Ünvanlı dövlət sosial yardımı orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə təyin edilir". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov imkansız şəxslərə verilən sosial yardımların hansı meyarlara əsasən verildiyi ilə bağlı sorğumuza cavab olaraq deyib.

O bildirib ki, hazırda ehtiyac meyarının həddi 160 manat təşkil edir və onlardan asılı olmayan səbəblər dedikdə bunun hansı məna verdiyini də açıqlayıb: "Onlardan asılı olmayan səbəblər dedikdə bu səbəblərə daxildir: Şəxsin əlil və ya əmək pensiyaçısı olması, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, olduğu yerin məlum olmaması, habelə ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması".

Fazil Talıbov bu tipli sosial yardım almaq üçün Nazirliyin elektron ünvanına müraciət etmək lazım olduğunu da əlavə edib: "Ünvanlı dövlət sosial yardımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin siyahısından "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi" (aşağıda link verilib)* e-xidməti vasitəsilə müraciət edilir.

Müraciət edərkən ailəni təmsil edən şəxs və ailə üzvləri, ailənin faktiki yaşayış ünvanı, ailənin mülkiyyətində olan əmlakı, ailənin mülkiyyətində və ya istifadəsində olan əsas vəsaitlər, ailənin gəlirləri və xərcləri (əmək haqqı, kredit, kirayə, kommunal xərcləri və s.) barədə məlumatları daxil etməlidir".

* https://www.e-gov.az/az/services/read/3421/1

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə