Daşkəsən rayonunda hesabat yığıncağı keçirilib

Bu gün Daşkəsən rayonunda 2019-cU ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2020-cİ ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib. hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.

O, məruzəsində deyib ki, 2019-cu il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olub: "Müstəqil inkişaf tarixinin müasir məzmunlu yüksəliş mərhələsini yaşayan ölkəmizin həyatında 2019-cu ilin müstəsna əhəmiyyəti olmuş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etmişdir.

Ötən il makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığının təmin edilməsi, investisiyaların yatırılması və iqtisadi artımın bərpa olunması üçün münbit şəraitin yaradılması istiqamətində görülən işlər və əldə edilən nailiyyətlər baxımından da əlamətdar olmuşdur. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun 3,5 faiz, kənd təsərrüfatının 7 faizdən çox artdığı Azərbaycanda aparılan uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşdirilməsi siyasətinin nəticəsində mümkün olmuşdur. Xarici ticarət dövriyyəsi 33,6 milyard dollara çatmış, valyuta ehtiyatları 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollar səviyyəsinə çatmış, bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci pillədə qərarlaşmışdır.

Yola saldığımız ildə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər sırasında ölkəmizin 120 üzv dövləti özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Sammitinin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməklə bu beynəlxalq qurumlara sədrliyin Azərbaycana həvalə edilməsi, ən mötəbər tədbirlərə - humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, biznes sahəsində dünyada ən vacib və etibarlı reytinq göstəricisi sayılan Dünya Bankının “Doing Business - 2020” hesabatında 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunması, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə 5-ci yerdə qərarlaşmasıdır.

Əldə edilmiş bu uğurların məntiqi nəticəsi olaraq cari ilin yanvar ayının 21-də Ölkə Başçısı cənab İlham Əliyevin iştirak etdiyi dünyada bir nömrəli və nüfuzlu beynəlxalq təşkilat Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində həmin Forumun prezidenti ilə görüşdə Dördüncü Sənaye İnqilabı üzrə Bakı regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunu imzalaması və ölkəmizin Cənubi Qafqazda, eləcə də Orta Asiya regionunda mərkəz kimi seçilməsi, olduqca böyük və əlamətdar hadisədir.

Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial həssas əhali qruplarının problemlərinin aradan qaldırılmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, idmanın və multikultural dəyərlərin, mərhəmətliliyin və humanistliyin təbliğində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi əhəmiyyətə malikdir".

İcra başçısı cari ildə də rayonda görülən işlərdən, yeni iş yerlərinin yaradılmasından, rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işlərindən danışıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, DSMF-nun rayon rayon şöbəsinin müdiri Malik Şükürov, Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış ediblər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Məruzə ətrafında çıxışlardan sonra açıq mikrofon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənilib, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış ediblər.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə