"Xocalı soyqrımından əziyyət çəkənlərə göstərilən sosial xidmətlər genişdir" AÇIQLAMA

"Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Xocalı soyqrımından əziyyət çəkmiş şəxslərə göstərilən xüsusi sosial xidmətlər haqqında məlumat əldə etmək məqsədlilə göndərdiyimiz sorğuya cavab olaraq deyib.

Fazil Talıbov bildirib ki, soyqırım zamanı hər iki valideynini itirmiş uşaqlara da qanunvericilikdə nəzərdə tutulmuş yaş dövrünə qədər həmin təqaüd və eyni zamanda ailə başçısını itirməyə görə sosial müavinət verilib: "Xocalı soyqırımı zamanı sağlamlığını itirərək əlilliyə məruz qalanlar isə əlilliyə görə aylıq pensiya və müavinətlə, I dərəcə əlilliyi olanlar aylıq pensiya və müavinətlə yanaşı Prezidentin aylıq təqaüdü ilə, həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar".

O həmçinin əlavə edib ki, Xocalı şəhərindən olan məcburi köçkünlər də digər məcburi köçkünlərlə yanaşı aylıq müavinətlə təmin edilirlər: "Bu müavinətin məbləği ötən il 50 faiz artırılıb. Onu da bildirək ki, şəhid ailəsi üzvlərinin hər birinin əmək pensiyasının üzərinə əlavə də hesablanır. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə sosial müavinət verilir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə