"Sığortanın mahiyyəti cəmiyyətə daha dərindən çatdırılmalıdır" AÇIQLAMA

"İcbari tibbi sığortanın mahiyyəti cəmiyyətə biraz daha dərindən çatdırılmalıdır. Eyni zamanda icbari tibbi sığortanın tətbiqi infrostukturu da məhz buna görə qurulmalıdır ki, bu xəstəxanalarda hansısa bir növbəliyə və ya hansısa bir sıxıntıya səbəb olmasın". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Fazil Mustafa ölkədə icbari tibbi sığortanın icra olunması və tətbiqi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın doğru tətbiqi ölkədə yalnız müsbət nəticələrə gətirib çıxara bilər və bu sığorta növünün tətbiqi xüsusilə aztəminatlı ailələr üçün müsbət bir hal kimi səciyyələnir: "İcbari tibbi sığortanın tətbiq edilməsi xüsusilə ölkədəki aztəminatlı ailələrin problemlərinin həll olunmasında çox böyük yardımçı olacaq. Çünki nəzərə alsaq ki, əhalinin əksəriyyəti maddi cəhətdən yüksək gəlirə malik olmadığından normal müalicə almaq hüququna və bu kimi imkanına sahib deyillər. Əgər icbari tibbi sığorta tətbiq edilərsə bunun müsbət cəhətləri özünü dərhal biruzə verəcək. Vətəndaş hətta indi icbari tibbi sığortaya ödənişdən iki illik azad olunub. Belə ki, ay ərzində 10 manat vətəndaş tərəfindən icabari tibbi sığortaya ödənilməli idi, lakin onlar bundan da azad olunub. Bunu dövlətin atdığı çox ciddi və müsbət bir addım kimi dəyərləndirirəm".

Millət vəkili bildirib ki, bir digər əhəmiyyətli məsələ vətəndaşın icbari tibbi sığortanın mahiyyətini dərindən mənimsəməsi məsələsidir: "İcbari tibbi sığortanın mahiyyəti cəmiyyətə bir az daha dərindən çatdırılmalıdır. Eyni zamanda icbari tibbi sığortanın tətbiqi infrostukturu da məhz buna görə qurulmalıdır ki, bu xəstəxanalarda hansısa bir növbəliyə və ya hansısa bir sıxıntıya səbəb olmasın. Düşünürəm ki, onun doğru tətbiqiyalnız xeyir gətirə bilər. Çünki bu Avropada, digər ölkələrdə, həmçinin qonşu Türkiyədə də tətbiq olunub və vətəndaşlar bundan faydalanıblar".

Fazil Mustafa əlavə edib ki, insanlar bu sığorta növü ilə bağlı həm televiziyadan, həm mətbuatdan marifləndirici məlumatları izlənməlidirlər, özləri araşdırıb hüquqlarının nə olduğunu bilməli və bundan səmərəli istifadə etməlidirlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə