Beynəlxalq Ana dili günü münasibəti ilə - MASALLIDA TƏDBİR

Masallı şəhər Heydər Əliyev Mərkəzində 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə “Ana dilimizin inkişafında Heydər Əliyevin rolu” mövzusunda şəhər 4 və 5 nömrəli məktəblərin şagirdləri üçün Mərkəzin Elmi işçisi Rəşad Dadaşovun mühazirəsi dinlənilib. Mühazirədə bildirilib ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Nizami müdrikliyi, Füzuli məhəbbəti, Nəsimi üsyankarlığı, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 70-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq".

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var".

Masallı şəhər Heydər Əliyev Mərkəzində 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə keçirilən tədbir maraqlı sonluqla başa çatmışdır.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə