Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub

Fevralın 19-da rayon icra hakimiyyətində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Rayon icra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak ediblər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulub.

Yığıncaqda geniş hesabatla çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə çoxsaylı dövlət tədbirlərinin həyata keçirildiyi, nailiyyətlərlə dolu 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirmişdir. İctimai-siyasi vəziyyətin sabit olduğu, bütün sahələr üzrə köklü islahatların aparıldığı Azərbaycanda ötən ildə qarşıda duran vəzifələr həllini tapmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmış, ölkəmizin dinamik inkişafı təmin edilərək beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir.

2019-cu il xalqımızın yaddaşında ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə çoxsaylı dövlət tədbirlərinin həyata keçirildiyi, nailiyyətlərlə dolu islahatlar ili kimi qalacaqdır.

Möhtərəm cənab Prezident tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Ötən dövrdə minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.

Cənab Prezidentin minimum əmək haqları, maaşlar, təqaüd və müavinətlərin artırılması, problemli kreditlərin həlli ilə əlaqədar imzaladığı sərəncamlar və əhalinin sosial rifahının yaxşılaşdırılması naminə qəbul etdiyi digər humanist qərarlarla insanlarımızın güzəranı daha da yaxşılaşmış, rahatlığı, firavanlığı təmin olunmuşdur.

Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.

Natiq qeyd etmişdir ki, 2019-cu ildə cənab Prezident rayonun inkişafına dair 4 sərəncam imzalamışdır. Bu sərəncamlar yol və elektrik xətt təsərrüfatının, sakinlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.

Hesabat ilində rayonumuzda da bütün sahələrdə nailiyyətlər qazanılmış, yerli gəlirlər 7 milyon 31 min manat olmaqla 122 %, yerli xərclər isə 5 milyon 970 min manat olmaqla 95 % icra olunmuşdur.

Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 189 milyon manat, bir nəfər üçün 1733 manat təşkil etmişdir. İl ərzində rayonda 1900 yeni iş yeri açılmışdır.

2019-cu ildə rayonda əsaslı tikinti, abadlıq-quruculuq işləri uğurla davam etdirilmişdir. Astara şəhərində 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, hazırda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının, Ərçivan qəsəbə uşaq bağçası üçün 100 yerlik yeni binanın tikintisinə başlanılmışdır.

Keçmiş peşə məktəbinə məxsus 3 bina Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin balansına götürülmüş, onların dam örtükləri və fasadı, Səməd Vurğun küçəsində 3 saylı ictimai yaşayış binasının fasadı əsaslı təmir olunmuşdur.

Ərçivan-Artupa-Züngüləş avtomobil yoluna, Kijoba qəsəbəsini Maşxan kəndi ilə birləşdirən yola və Ərçivan qəsəbəsində 2 saylı məktəbə gedən yola asfalt döşənmiş, Astara şəhəri Heydər Əliyev prospekti, Qum, Səməd Vurğun, Şahin Əliyev və digər küçələri təmir olunmuşdur. Hazırda ucqar dağlıq ərazidə yerləşən, çətin relyefə malik Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi uğurla davam etdirilir.

Rayonda mənzil növbəsinə götürülmüş imtiyazlı kateqoriyadan olan 6 şəhid ailəsi və 5 Qarabağ əlili üçün fərdi yaşayış evləri tikilmişdir. Cari ildə bu kateqoriyadan olan 10 ailə üçün fərdi yaşayış evinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.

İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü müvafiq tədbirlər həyata keçirilmiş, bir neçə ərazidə istismar müddəti başa çatmış transformatorlar, sayğaclar, köhnəlmiş dayaqlar və naqillər yeniləri ilə əvəz edilmişdir. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamla mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekaşan kəndlərinə elektrik xəttinin çəkilişi əlamətdar hadisə kimi qeyd edilməlidir. Görülmüş işlərə baxmayaraq elektrik xətt təsərrüfatlarında müəyyən problemlər qalmaqdadır. Hələ də bəzi ərazilərdə tələbata cavab verməyən transformatorların, köhnəlmiş elektrik xətlərinin, dirəklərin və digər nasazlıqların mövcud olması qeyri-sabit havalarda ərazilərdə enerji verilişində tez-tez və uzunmüddətli fasilələrin yaranmasına səbəb olur. Bu kimi halların aradan qaldırılmasından ötrü Elektrik Şəbəkəsinin rəhbərliyi təxirəsalınmaz tədbirlər həyata keçirməklə vətəndaşların haqlı narazılıqlarının aradan qaldırılmasına ciddi səy göstərməlidir.

Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsində il ərzində pensiyaçıların sayı 11790 nəfər, ünvanlı sosial yardım alan ailələrin sayı 537 olmuşdur. İl ərzində pensiya və müavinətlərin vaxtında ödənilməsi təmin olunmuşdur.

Rayon Məşğulluq Mərkəzində 1423 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Ailə biznesini genişləndirmək məqsədi ilə aztəminatlı ailələrdən olan işaxtaran və işsiz vətəndaşlardan 127 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onlardan 100 nəfər aktivlərlə təmin olunmuşdur.

2019-cu ildə Astara rayon Sığorta filialı 57 min 400 manat tədiyyə yığmışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə xəsarət almış əlillərə sığorta ödənişi verilmişdir.

Sığorta şirkətləri əhalidə sığortaya olan inamı artırmaqdan ötrü müvafiq tədbirlər həyata keçirməli, həmçinin ərazi nümayəndəlikləri və bələdiyyələr bu istiqamətdə maarifləndirmə işləri aparmalıdırlar.

Hesabat ilində daşqın və sel sularına qarşı mübarizə məqsədilə Astaraçay və Pensərçayda ümumilikdə 910 p/m mühafizə divarı və sahilbərkitmə işləri aparılmış, Ərçivan çayının hər iki sahilində 5 km məsafədə dərinləşdirmə və genişləndirmə işləri aparılaraq su basma təhlükəsi aradan qaldırılmışdır.

Kijoba qəsəbəsində uzunluğu 2 km olan suvarma su xətti çəkilmiş, Suvarma Sistemləri İdarəsi tərəfindən müxtəlif kanallarda təmir-bərpa işləri görülmüş, suvarma suyunu itkisiz su tələbatçılarına çatdırmaq üçün arxlar qazılaraq istismara verilmişdir.

Astara Sukanal sahəsi 3971 əhali, 31 qeyri-əhali abonentinə xidmət göstərir. Magistral xətt üzərində tez-tez qəza baş verən yerlərdə 96 metr boru yenisi ilə əvəz olunmuş, hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə içməli su ilə təmin olunur. Astara SuKanal sahəsinin rəhbərliyi magistral və şəhərdaxili xətt şəbəkəsində profilaktik tədbirlər həyata keçirməklə, şəhər əhalisinin fasiləsiz içməli su ilə təminatına nail olmalıdır.

Lənkəran Regional Meşə Təsərrüfatının Astara Meşəbəyliyi il ərzində rayon ərazisində yaşıllıqların salınması, meşə zolaqlarında yeni tinglərin əkilməsinə diqqəti artırmış, 25 hektar sahədə meşə əkini aparmışdır.

Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəbləri üçün quraşdırılan modul tipli yeni binaların tikintisi başa çatdırılmış, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın tikintisi başa çatmaq üzrədir.

Rayonun ümumtəhsil məktəblərinin XI sinifləri bitirən 569 nəfər məzundan 258 nəfər respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar.

Hesabat dövründə rayonun məktəbəqədər təhsil müəssisələrində də müəyyən işlər görülmüşdür. Körpələr evi-uşaq bağçalarında təlim-tərbiyənin vəziyyəti il boyu diqqətdə saxlanılmış, işində nöqsanlara yol verən bağça müdirləri barəsində müvafiq intizam tədbirləri görülmüş, fəaliyyətlərində dönüş yaratmaları ilə bağlı bütün müəssisə rəhbərlərinə xəbərdarlıq edilmişdir.

Rayonun yeganə orta ixtisas təhsil müəssisəsi olan Astara Pedaqoji Kollecində 16 ixtisas üzrə 909 tələbə təhsil alır. Burada pedaqoji ixtisaslardan əlavə peşəyönümündə mühüm əhəmiyyət kəsb edən Aqronomluq, Meşə və meşə park təsərrüfatı, Qida sənayesi, İaşə və ticarət sistemində sanitar-gigiyena təhlükəsizliyi, Turizm və onun təşkili və digər ixtisaslar üzrə kadrların hazırlanması işləri aparılır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illərdə rayonumuzda əsaslı tədbirlər həyata keçirilmişdir. Bir neçə səhiyyə müəssisəsi cari təmir edilmiş, Motlayataq kəndində yeni tibb məntəqəsi istifadəyə verilmişdir.

Cənab Prezidentin göstərişinə əsasən fevral-may aylarında 70 mindən çox rayon sakini tibbi müayinədən keçmiş, xəstəlik aşkar edilmiş şəxslər müalicədən ötrü rayon Mərkəzi Xəstəxanası və respublikanın müxtəlif müalicə mərkəzlərinə göndərilmişlər.

Hesabat ilində dövlət bayramları, əlamətdar günlər və görkəmli şəxslərin yubiley tədbirlərinin keçirilməsinə nail olunmuşdur. “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairi mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, mədəni-maarif müəssisələrində elmi-praktiki konfranslar, seminarlar, intellektual oyunlar, inşa, rəsm müsabiqələri və idman yarışları təşkil edilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü ilə əlaqədar ağacəkmə aksiyası rayonumuzda da təşkil edilmişdir. Rayon ictimaiyyətinin iştirakı ilə Ələt-Astara avtomobil yolunun rayon ərazisinə aid hissəsində ümumilikdə 4000 ağac əkilmişdir.

Ötən il həmçinin İDEA ictimai birliyinin təşəbbüsü ilə 3 aztəminatlı ailə üçün 200 nəfərdən çox könüllünün iştirakı ilə 2 hektar ərazidə 1250 ədəd feyxoa ağacı əkilərək meyvə bağları salınmışdır.

Cənab Prezidentin müvafiq Sərəncamı ilə Bakı-Astara dəmir yol xəttinin yeni salınmış Ələt-Astara-İran avtomobil yoluna paralel çəkilməsi rayonun dəniz sahili boyunca geniş bir ərazinin dəmir yol xəttindən azad olunaraq, müasir yaşayış kompleksinin, hotellərin və digər turizm infrasturkturlarının inşa edilməsinə və müasir tipli istirahət zonasının yaradılmasına imkanlar açacaqdır. Bunun nəticəsidir ki, turistlərin və investorların turizm bölgəsi kimi rayonumuza marağı ilbəil artmaqdadır.

Rayon Gənclər və İdman İdarəsi il ərzində müxtəlif tədbirlər həyata keçirmişdir. Gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nın bağlanış mərasimi rayonumuzda təşkil olunmuşdur. Ötən il rayonumuzun idman tarixində ilk dəfə olaraq “Zirvə-Astara” basketbol komandası yaradılmış və yaradıldığı qısa müddət ərzində bu komanda yüksək nəticə əldə edərək bir çox beynəlxalq yarışlarda və respublika çempionatında super liqada təmsil olunmuşdur. 2020-ci ildə 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına

Astara rayonu ev sahibliyi edəcəkdir. İdman oyunlarının keçirilməsi rayonumuzda uşaqların və yeniyetmələrin idmana olan marağının artmasına öz töhfəsini verəcəkdir.

Rayonda ideoloji, ictimai-siyasi, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla işin təşkili də diqqətdə olmuşdur. Dini durum nəzarətdə saxlanılmış, sabitliyin qorunması təmin edilmişdir.

Ötən ilin yaddaqalan hadisələrindən biri də bələdiyyə seçkiləri olmuşdur. Yerli özünüidarəetmə qurumu olan bələdiyyələrə seçkilər keçirilmiş, sakinlərimiz layiq bildiyi namizədlərə səs verərək bələdiyyələrə üzvlər seçmişlər. Hazırda bələdiyyələr yeni tərkibdə fəaliyyətə başlamışlar. Bələdiyyələrə tövsiyə edirəm ki, bütün səylərini yerli əhəmiyyətli məsələlərin, aztəminatlı ailələrin problemlərinin həllinə səfərbər edərək xalqın etimadını doğrultsunlar.

2019-cu il ərzində çağırışa cəlb olunmuş 476 nəfər həqiqi hərbi xidmətə göndərilmiş, yayınma halları müşahidə olunmamışdır.

Rayonda ictimai asayişin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində xeyli iş görülmüşdür. Xüsusilə, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilən tədbirlər təqdirəlayiq hesab edilməlidir.

Rayonun hüquq-mühafizə orqanları asayişin qorunması, cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirməli, təsirli tədbirlərin həyata keçirilməsindən ötrü bütün imkanlarını səfərbər etməlidir.

Hesabat dövründə Səyyar Asan Xidməti il ərzində 2 dəfə, Səyyar Asan Qatar isə 1 dəfə rayonda olmuş və 10 xidmət növü üzrə 90 gün müddətində 14 min nəfərə yaxın vətəndaşa müxtəlif fəaliyyət növləri üzrə xidmətlər göstərilmişdir.

Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi üçün yaradılmış əlverişli şərait rayonumuzda da çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına böyük təkan vermişdir. Çəltikçiliyin, çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramları”nda yer alan tədbirlərin icrası istiqamətində müəyyən işlər görülmüşdür. 2019-cu ildə çəltik əkini aparılmış 237 hektar sahədən 997 ton çəltik yığılmış, məhsuldarlıq 42 sentner olmuşdur. İstehsal edilən çəltiyin müasir standartlara uyğun emalı, çeşidlənməsi və qablaşdırlması məqsədilə Ərçivan qəsəbəsində gündəlik istehsal gücü 40 ton olan çəltik emalı zavodu tikilib istifadəyə verilmişdir.

Rayonda mövcud 137 hektar məhsuldar çay plantasiyalarından ümumilikdə 583 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Sevindirici haldır ki, rayonda istehsal edilən çay məhsulu xarici bazarlarda da yerini tapmaqdadır. Çay plantasiyalarının modern üsullar tətbiq edilməklə genişləndirilərək artırılması qarşıya qoyulan prioritet məsələdir.

Son ildə fiziki şəxslər və pay torpaq mülkiyyətçiləri tərəfindən yeni sitrus bağları salınaraq rayon üzrə sitrus bağlarının ümumi sahəsi 4035 hektara çatdırılmışdır. Təcrübə mübadiləsi sayəsində rayona şaxtaya davamlı “Satsuma” yapon sortu sitrus meyvə tingləri gətirilmiş, innovativ üsullarla 2019-cu ildə 201 ha yeni sitrus meyvə bağları salınmışdır. Bu da əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur. Məhsuldarlıq ilbəil artaraq ötən il 43 min ton olmaqla, 30 milyon manatlıq məhsul istehsal olunmuşdur. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi qarşıya prioritet vəzifə kimi qoyulmuşdur. Bu da öz növbəsində gələcəkdə məhsuldarlığın artmasına və istehsalçıların daha çox gəlir əldə etməsinə səbəb olacaqdır.

Heyvandarlıq, quşçuluq və arıçılıq sahələrinin inkişafı ilə əlaqədar fermerlər və fərdi təsərrüfat sahibləri tərəfindən müəyyən tədbirlər həyata keçirilmiş, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

Ölkə başçısının müvafiq Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiya verilməsi təmin edilmişdir. İl ərzində 350 tona yaxın bal istehsal edilərək bazar və yarmarkalarda satışı həyata keçirilmişdir.

Rayon üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 5972 hektar olmuşdur. 3000 ton diri çəkidə ət, 20 min 500 ton süd istehsal olunmuşdur. Hesabat ilində 1782 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 310 min manat subsidiya verilməsi təmin edilmişdir.

Vətəndaşların qəbulu, ərizə və şikayətlərin obyektiv araşdırılmasına diqqət artırılmış, qaldırılan məsələlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon İcra hakimiyyətində qeydə alınmış ərizə və şikayətlərin araşdırılması və həllinə diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində 46 səyyar qəbul keçirilmiş, sakinlərin müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.

Natiq qeyd etmişdir ki, 2020-ci ildə qarşıda bizi daha mühüm işlər gözləyir. Torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binasının, mədəni-maarif müəssisələrinin tikintisi, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin və qazlaşdırmanın davam etdirilməsi, Asxanakəran və Hamoşam ərazi nümayəndəliklərindəki köhnəlmiş 10 kV-luq xəttin Astara Elektrik Şəbəkəsindən qidalanmaqla yeni xətt şəbəkəsi çəkilməklə əvəz edilməsi, sahilbərkitmə-məcratəmizləmə işləri, yeni suvarma xəttinin tikintisi və bəzi çoxmənzilli yaşayış binalarının təməlinin bərpa-gücləndirilməsi işləri və bir çox sosial əhəmiyyətli məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

2020-ci ildə rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması, turizm imkanlarının təbliği və investorların cəlb edilməsi ilə əlaqədar əməli tədbirlər görməliyik.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərimizi artıracağıq.

İcra başçısı rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə yaşayış məntəqələrində, təsərrüfatlarda əhali ilə sıx təmasda olmaq, onları narahat edən problemlərin, haqlı tələblərin öyrənilərək operativ həlli üçün tədbirlər həyata keçirmək barədə tapşırıqlarını vermiş, vətəndaşların qayğı və problemlərinə həssaslıqla yanaşılması, qaldırılan məsələlərin, aidiyyəti təşkilatlara operativ çatdırılmasını bir vəzifə olaraq tapşırmışdır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Maliyyə İdarəsinin rəisi Cavid Abbasov, Şahağac bələdiyyəsinin sədri Samik Mailov, rayon Mərkəzi Xəstəxanasının baş direktoru Əlövsət Əliyev, Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Balakişi Rəhmanov, rayon Ağsaqqallar Şurasının sədri Gülağa Rzayev, Pensər kənd sakini Asif Əsədullayev, Astara şəhər sakini Firudin Quliyev və başqaları tədbirdə çıxış etmiş, Ulu Öndər Heydər Əliyevin layiqli varisi ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, çiçəklənən, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da inkişafı naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev hesabat yığıncağında çıxış etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...