“Səhiyyə Nazirliyi tərəfindən əlliliyi olanlar üçün bərpaedici cərrahiyələr təşkil olunacaq”- MÜSAHİBƏ (SƏS TV)

“Səhiyyə Nazirliyi tərəfindən əlliliyi olanlar üçün bərpaedici cərrahiyələr təşkil olunacaq”- MÜSAHİBƏ (SƏS TV)
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynovanın SİA-ya müsahibəsi:
- Hemofiliya xəstəliyinin ilk xarakterik xüsusiyyətləri hansılardır və özünün ilk əlamətlərini nədə göstərir?

- Məlum olduğu kimi hemofiliya irsi qan xəstəliyidir. İrsi qan xəstəliyi müxtəlif cür olur, ancaq bu hemofiliya xəstəliyi qanda laxtalanma faktorlarının çatışmazlığı üzündən müxtəlif dərəcəli qanaxmalarla müşahidə olunur. Müxtəlif vokalizasiyalı, yəni bədənin hər bir yerindən qanaxmalar ola bilər. Bu oynaq qanaxmaları, daxili qanaxmaları ilə də müşahidə oluna bilər. Oynaq qanaxmaları əlillik, daxili qanaxmalar isə ölümlə nəticələnir. Demək olar ki, hər hansı bir uşaq doğulandan bu xəstəliyin ağır formasındadırsa, o zaman həmin kəs həyatının sonuna qədər bu xəstəliklə üz-üzə qalır. Bu xəstəliyə məruz qalan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün artıq dünyada tədbirlər görülür. Belə ki, beynəlxalq meyarlar, dərman preparatları vasitəsilə həmin xəstələrin həyat keyfiyyəti yaxşılaşır.

Bu dərman preparatları qanda laxtalanma faktorlarının çatışmazlığından əziyyət çəkən insanlara üçün nəzərdə tutulub və bu preparatlar məhz insan qanından hazırlanır. Həmin pereparatlar xəstələrə vurulduqda onlar sağlam insanlar kimi idmanla məşğul ola, hər hansı bir cərrahiyyə əməliyyatlarına girə bilərlər. Lakin bu dərmanlar olmazsa, qanaxmadan insanlar tələf ola bilər. Hazırda Azərbaycanda bu xəstələr beynəlxalq kriteriyalar əsasında müalicə olunurlar. Çünki xaricdə istehsal olunan bu dərmanlar ölkəmizə dövlət büdcəsi hesabına daxil olur. Xəstələr dövlət hesabına həmin dərmanlarla təmin olunurlar. Bunların hamısı prezident İlham Əliyevin 5 il bundan qabaq imzaladığı dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu xəstələrə xidmət səhiyyə sistemində nizamlanır.
Artıq beş ildir ki, xəstələr dərman preparatları ilə təmin olunurlar. Həmin xəstələr dövlət qeydiyyatına alınır. Belə olan təqdirdə yaşadığı məkandan asılı olmayaraq xəstə həkim nəzarəti altında olacaq. Əgər xəstələr erkən yaşlarından nəzarət altına alınarsa, o zaman əlilliyin, ölümün qarşısı alınır. Bu böyük bir göstəricidir. 2006-cı ildən həyata keçirilən proqram çərçivəsində 5-10 yaşında uşaqlardır və onlar demək olar ki, sağlam həyat sürür, məktəbə gedirlər. Bir neçə vaxtdan sonra artıq onlar ali təhsil alıb, kamil həyat sürə biləcəklər. Biz buna nail olmuşuq. Səhiyyə Nazirliyi tərəfindən əlliliyi olanlar üçün bərpaedici cərrahiyələr təşkil olunacaq. Bu əməliyyatlar nəticəsində gənc yaşlarında olanlar normal insana həyatına dönəcəklər.

- Bu gün Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, yeni ambluator və xəstəxanaların tikintisini qənaətbəxş hesab etmək olarmı?

- Bəli qənaətbəxş hesab etmək olar. Bu yeni başlanmış bir iş olduğuna görə, nəticəni indi görmək olmur, onu bir neçə ildən sonra görmək olacaq. Bu sahədə kadrların hazırlanması, xəstələrin bir neçə ildən sonrakı sağlıqlarının, həm də həyat keyfiyyətinin yaxşılaşdırılmasını bu gün görə bilmiriksə, 5 ildən sonra bunu görə biləcəyik. Bu bir neçə vaxtdan sonra özünü göstərəcək

- Korrupsiya ilə bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri nəticəsində səhiyyə sistemindəki boşluqların, xüsusilə də rüşvətxorluğun aradan qaldırılmasında irəliləyiş varmı?

- Var. Artıq bir neçə ildir ki, xəstələrlə işləyirəm və bir neçə ailələrdən belə bir razılıq gəlir ki, doğurdan da bu sahədə vəziyyət müsbət tərəfə dəyişir. İmtiyazlı xəstələr dövlət səhiyyə ocaqlarında pulsuz müalicə olunurlar. Korrupsiya, rüşvətxorluq təkcə hansısa həkimin otağında deyil, həm də dərman preparatlarının alınmasında baş verə bilər ki, bunun da qarşısı alınır. Büdcə hesabına alınan preparatlarının nə dərəcədə şəffaf prosedurlarının keçirilməsi maraq doğurur. Səhiyyə Nazirliyi bu sahədə böyük işlər görür. Biz hemofiliya xəstələrin registrı haqqında sosial çarx hazırlamışıq. Həmin çarxda dərmanlardan nə qədər istifadə olunması ilə bağlı məlumat var. Ümumilikdə bu işdə səhiyyə nazirinin də böyük marağı var. O da bu istiqamətdə mühüm işlər görür.

- Milli Məclisdə xəstənin müalicəsi zamanı xəstə ilə həkim arasında müqavilənin bağlanması ilə bağlı qanun qəbul olunması gözlənilir. Bu qanunun qəbulu nə dərəcədə realdır və bunun hansı üstünlükləri var.

- Bu çox gözəldir. Belə olan halda xəstə özü öz həkimini seçir və o zaman həkim xəstə arasında münasibət tənzimlənir. Belə olan halda həkim biləcək ki, xəstə onun dediyini edəcək, xəstə də həkimə etimad edərək, ona inanacaq. Bu, müalicə prosesində çox əhəmiyyətli olacaq. Bunun hüquqi tərəfinə gəldikdə isə əgər həkim xəstəyə zərər toxundurarsa, əlbəttə ki, o məsuliyyətə cəlb oluna bilər. Bu realdır. Bütün dünyada bu var. Hər hansı bir həkim xəstəyə ziyan vurarsa, o zaman xəstə öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə, hüququ mühafizə orqanlarına müraciət edə bilər. Ümumiyyətlə, qanunla tənzimlənən hər bir şey gözəldir.

Bütün xəbərlər Facebook səhifəmizdə