Məlahət İbrahimqızı: "NATO-da, NATO PA Dağlıq Qarabağla bağlı məsələ ayrıca olaraq müzakirə aparılmalı və yekun sənəd qəbul olunmalıdır"- Müsahibə (SƏS TV)

Məlahət İbrahimqızı: "NATO-da, NATO PA Dağlıq Qarabağla bağlı məsələ ayrıca olaraq müzakirə aparılmalı və yekun sənəd qəbul olunmalıdır"- Müsahibə (SƏS TV)
Millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsi:
- NATO Azərbaycan arasında əməkdaşlıq çərçivəsində NATO Ermənistana sanksiya tətbiq edə bilərmi?


- Azərbaycan bir neçə ildir ki, NATO-nun assosiativ üzvüdür və ölkəmiz NATO Parlament Assambleyasında assosiativ üzv kimi təmsil olunur. Azərbaycan sülh naminə fərdi tərəfdaşlıq çərçivəsində imzaladığı sənədlərdəki öhdəlikləri yüksək səviyyədə həyata keçirir. Biz çox etibarlı tərəfdaşıq. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi tanınır. Biz təbii ki, üzv olduğumuz bütün təşkilatlarda Azərbaycan torpaqlararının 20 il müddətində qonşu Ermənistan dövlətinin işğalına məruz qalması, məcburi müharibəyə cəlb olunması, eyni zamanda 20 faiz torpağımızın işğal altında, əhalimizin 1 milyona yaxınının qaçqın və məcburi köçkün səviyyəsində olması ilə bağlı məsələ qaldırmışıq. Demək olar ki, bir çox beynəlxalq təşkilatlar BMT, Avropa Şurası, Avropa Birliyi, ATƏT və bir sıra nüfuzlu ölkələrin parlamentində bu məsələyə qarşı münasibət bildirilib. BMT 20 ilə yaxındır ki, Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Lakin indiyə qədər icra olunmayıb. Bütün beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılıq siyasəti birmənalı şəkildə qəbul edilib, tanınıb.
Eyni zamanda sənədlərdə Ermənistanın işğalçı ordusunun işğal olunmuş ərazilərdən geri çəkilməsi, və eləcədə qaçqın və məcburi köçkünlərin yuvalarına qayıtması öz əksini tapıb. Lakin çox təəssüf ki, bu günə qədər bu sənədlər icra olunmayıb. Bizim haqlı iddiamızdır və biz NATO Parlament Assambleyasında, NATO-da Azərbaycanın məruz qaldığı işğalla bağlı hər hansı bir sənədin və münasibətin bildirilməsini gözləyirik. Bilirsiniz ki, ötən il Lissabonda keçirilən NATO-ya üzv olan ölkələrin Zirvə Sammitində kiçik də olsa Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı fikir səsləndi. Amma biz hələ də bununla razı deyilik, bu bizi qane etmir. NATO-da, NATO PA da bu məsələ ayrıca olaraq müzakirə olunmalı və yekun sənəd qəbul olunmalıdır.

- Siz NATO-nun toplantısında Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı fikir irlə sürmüsünüz. Sizin fikrinizə, oradakıların reaksiyası necə oldu?

- Martın 3-u və 2 aprel tarixləri arasında İsveçrənin Cenevrə şəhərində NATO-nun, eləcədə İsveçrə Federal Hökümətinin və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən böyük bir toplantıda iştirak etdim. Toplantının adı "Sülhnaməminə tərəfdaşlıq çərçivəsində kütləvi qırğın silahlara nəzarətdə parlamentlərin rolu" idi. Həqiqətən də bu mövzu çox önəmli mövzudur. Yaponiyada baş verən sunami, zəlzələ, Atom Elektrik Stansiyasındakı təhlükəli vəziyyət bütün dünyanın hələ də təşvişdə saxlayır. Eyni zamanda bu gün bir sıra ölkələrin sürətlə kütləvi qırğın silahları ilə silahlanması və onun istehsalı ilə bağlı çox ciddi narahatçılıq var. Dünyada çox ciddi olaylar baş verir . Bir neçə il bundan qabaq dünyanı bürüyən maliyyə böhranı, digər tərəfdən iqlim dəyişikliyilə bağlı dünyada baş verənlər, və Yaponiyadakı hadisələr dünyanı sarsıdıb, lərzəyə salıb. Bir tərəfdən təbiətin şıltaqlığı, bir tərəfdən də süni olaraq dünyanı, beynəlxalq aləmi, insanları narahat saxlayan kütləvi silahlar, lazım olub-olmadıqda Atom Elektrik Stansiyalarından istifadə etmək dünya üçün böyük təhlükə yaradır. Məhz bu səbəbdən də toplantı bu mövzuya həsr olunmuşdu. Toplantıda 40-dan çox ölkə təmsil olunurdu. Təmsilçilik çox yüksək səviyyədə idi. Məruzələr qabaqcadan müəyyən olunmuşdu. Təbii ki, bu mövzu bizi də narahat etməyə bilməzdi və bu mən də çıxışa yazıldım. Uzun illərdir, bizi narahat edən bir məsələ var ki, bu da sovet dövründən fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının Ermənistan ərazisində fəaliyyət göstərməsidir. Bizim narahatçılığımıza səbəb olan əsas məsələ isə Ermənistanın işğalçı dövlət olmasına rəğmən onların yeni bir gücə malik Atom Elektrik Stansiyasının tikilməsi ilə bağlı iddialı olmalarıdır. Hətta onlar bu məsələ ilə bağlı konkret işlər aparırlar.
Kiçik bir bölgədə, xüsusilə də seysmik bir zonada belə bir elektrik stansiyasın yerinə yeni bir güclü stansiyanın tikilməsi Azərbaycan hökümətini narahat etməyə bilməz. Düzdür, Azərbaycan ictimaiyyəti və ölkə höküməti bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər ünvanlasa da hələ ki, bununla bağlı kifayət qədər, qaneedici sənəd qəbul olunmayıb. Mən də bu fürsətdən istifadə edərək yüksək səviyyəli beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan ictimaiyyətini narahat edən bu məsələni qaldırdım. Konfransda spikerlər mövzu ilə bağlı çıxış edirdilər. Məndən qabaq isə qardaş ölkənin NATO üzrə diplomatı mövzu ilə bağlı çıxış etdi və Ermənistan məsələsinə toxunaraq onu işğalçı dövlət adlandırdı. Daha sonra mən çıxışımda ilk növbədə Dağlıq Qarabağla bağlı çıxış etdim və daha sonra təklifimi irəli sürdüm.

Bizim çıxışımıza reaksiya olaraq ermənistanlı millət vəkili səhəri gün sərt reaksiya verməyə cəhd etdi. Hər zaman olduğuyu kimi məkrli siyasətlərindən istifadə edərək kişiliyə yaraşmayan bir hərəkət edərək çıxışlarımıza qarşı çıxmaq istədi. O bildirdi ki, toplantının Dağlıq Qarabağ münaqişəsinə heç bir aiddiyatı yoxdur, o məsələ ilə ATƏT-in Minsk qrupunun həmsədrləi məşğul olur.
Daha sonra mən çıxış edərək işğalçı dövlətin nümayəndəsinə bu cür çıxış etməsinin düzgün olmadığını bildirdim. Söylədim ki, Azərbaycanda 20 il müddətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun səfərlərinə turizm səfəri kimi baxılır. Onlar bu istiqamətdə iş görmür. Bildirdim ki, Azərbaycanın Konstitusion, ölkəmizin işğaldan azad edilməsi ilə bağlı bütün hüquqlarımız var. Bununla iclas bitdi və orada ayrı- ayrı millət vəkilləri erməni millət vəkilinin çıxışının əsassız və gülünc olduğunu etraf etdilər.

- Bəs konfransda 9 yaşlı uşaq Fariz Bədəlovun öldürülməsi ilə bağlı hər hansı müzakirə oldumu?

- Bilirsiniz beynəlxalq konfransların öz reqlamentləri var. Orada ancaq mövzuya uyğun danışmaq tələb olunur. Amma mən konkret olaraq Fariz Bədəlovun adını çəkməsəm də çıxış zamanı sərhədlərimizdə baş verən hadisələrə toxundum. Bildirdim ki, demək olar ki hər ay mülki insanlar şəhid olur. İnsanlarımıza qarşı Ermənistan tərəfindən zorakılıq həyata keçirilir.

- Ermənilər tərəfindən Xankəndi aeroportunun tikintisi və onlar tərəfindən hava uçuşunun həyata keçirilməsi ilə bağlı məsələ NATO səviyyəsində qaldırılacaqmı?

- Əlbəttə, bu bizi narahat edən bir məsələdir. Bu onu göstərir ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistan və onun başçısı işğalçı məsələnin sülh yolla həll olunmasına destruktiv yanaşır. Azərbaycan danışıqlar prosesini sülh yolu ilə həll etməyə cəhd etsə də onlar tərəfindən bu istənilmir.
May ayına qədər bir çox şey baş verə bilər. Ona görə də biz aeroportun açılaması və uşuçların həyata keçib keçməməsi ilə bağlı tez qərar vermək istəmirik. Lakin əminəm ki, dövlət başçısı hər zaman olduğu bu dəfədə ölkə qanunvericiliyi, beynəlxalq hüquq çərçivəsində öz adekvat, qəti mövqeyini bildirəcək. Ermənistan bu hərəkəti ilə Azərbaycanı provakasiyaya çəkmək, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaq istəyir. Biz NATO nümayəndə heyəti olaraq bu məsələ ilə ciddi çalışırıq. Nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov bununla bağlı iş aparır. Biz NATO PA da bu məsələnin müzakirəsini gözləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə