Yeni dövriyyəyə buraxılacaq "pensiya kartı" sahibinə nə qazandıracaq? RƏSMİ AÇIQLAMA

“Sosial sahədə aparılan islahatları müxtəlif istiqamətlərə bölmək mümkündür. Bura infrastruktur, məzmun, kadr, sosial ödənişlərin təkmilləşdirilməsi ilə bağlı islahatlar daxildir”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müşaviri Yavər Məmmədov deyib.

O bildirib ki, bu gün bütün dünyada sosial ödənişlərin insanlara çatdırılması üçün ən mütrərrəqqi üsullardan biri plastik kartlardan, yəni bank kartlarından istifadə sistemidir.

Qurum rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda da çox böyük kontingentin ödənişləri bank kartları ilə edilir: “Bu gün hər kəsə məlumdur ki, istər pensiyaçılar, istərsə də sosial ödəniş alan şəxslərin hər birinin müəyyən kartı var. Bu kartların formasına baxsaq,onların müxtəlif beynəlxalq ödəniş sisteminə məxsus olduğunu görmək mümkündür”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə tərəfdaşlıq edən banklar arasında danışıqların bitdiyini deyən Y. Məmmədov söyləyib ki, yaxın günlərdə qurumla “Beynəlxalq Bank” və “Kapital Bank” arasında saziş imzalanacaq:“Bu sazişə əsasən, banklar tərəfindən daha müasir, daha gözəl görünüşlü, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin loqotipini özündə ehtiva edən sosial kart dizaynı hazırlanıb. Hazırda həmin kartların dizaynı “Visa electron” və “Mastercard” ödəniş sistemləri ilə razılaşdırılma ərəfəsindədir. Yaxın zamanlarda bu kartların dövriyyəyə buraxılması üçün banklar tərəfindən artıq sifariş veriləcək”.

Fondunun direktor müşaviri vurğulayıb ki, sözügedən kartlar təkcə görünüş deyil, həm də mahiyyət baxımından öz sözünü deməlidir: “Belə ki, bu gün vətəndaşlarımızın həmin kartlardan vəsaitlərini çıxarmamaqda maraqlı olması üçün müəyyən işlər görülməlidir. Bu kartların əsasən ticarət müəssisələrində geniş istifadə olunması üçün biz bu müəssisələrlə danışıqları yekunlaşdırmaq üzərəyik. Biz ticarət müəssisələrinin bu məsələdə rəqabətə girməsində maraqlıyıq. Kartı təqdim edən vətəndaş nağdsız əməliyyat zamanı yaxşı endirim əldə etməlidir. Bu endirim olmadıqda vətəndaş vəsaiti kartda saxlamaqda maraqlı olmayacaq. Ticarət müəssisələri bu məsələdə bizə kömək etməlidirlər. Bəzi banklar tərəfindən "pensiyaçı kartı" adlı kart tətbiq olunub. Lakin bizim yeni tətbiq edəcəyimiz kartlar heç də bankların əhaliyə tətbiq edəcəyi digər kartlardan geri qalmayacaq”.

Y. Məmmədov əlavə edib ki, Nazirlik tərəfindən dövriyyəyə buraxılacaq yeni kartlar ticarət müəssisələrinə təqdim olunduğu anda zaman onlara dərhal endirim tətbiq olunmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə