Sən niyə belə edirsən? Deyə bilmərik, axı - AÇIQLAMA

"Kim ki, aksiyada "PRESS" yazılı gödəkçələrlə iştirak edirdi, onlar etiraz aksiyasına qoşulmamışdılar və heç bir siyasi şüar səsləndirmirdilər, sadəcə öz işlərini icra edirdilər. Gördüyümüz bundan ibarət idi". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının Monitorinq Qrupunun rəhbəri Əvəz Rüstəmov 16 fevral tarixində keçirilən etiraz aksiyasını işıqlandıran və orada iştirak edən jurnalistlərin peşa etikasını şərh edərkən bildirib.

O qeyd edib ki, əynində gödəkçə olmayan və orada şüarlar səsləndirən jurnalistləri də gördük. O şəxslər həmin anda jurnalist kimi deyil, aksiyaçı qismində iştirak ediblər: "Jurnalist kimi gəlib gödəkçə geyinməyənlər də var idi. Onlar sırf mitinqi işıqlandırmaq üçün gələn jurnalsitlər idi. Lakin həmin şəxslər öz jurnalist vəsiqələri ilə gəlmişdilər. Belə də onlar öz işlərini görə bilər. "PRESS" yazılı gödəkçə ilə jurnalistləri Mətbuat Şurası təmin edir. Ola bilsin ki, həmin anda gödəkçə qurtarıb və jurnalistə çatmayıb".

Əvəz Rüstəmov aksiyada jurnalist kimi çıxış edən və eyni zamanda siyasi şüarlar da səsləndirən jurnalistlərə münasibət bildirib: "Jurnalist əgər özünü cəmiyyətə jurnalist kimi təqdim edirsə, hadisələri işıqlandırırsa və eyni zamanda siyasi şüarlar da səsləndirirsə bu peşə davranışı cəhətdən düzgün deyil. Əgər jurnalist bunu edirsə ona necə demək olar ki, sən bura jurnalist kimi gəlmisən, niyə belə edirsən? O da cavab olaraq deyə bilər ki, bura jurnalist kimi gəlməmişəm. Mən elə aksiya iştirakçısı kimi gəlmişəm. Bu o jurnalistin öz seçimidir. Hərənin öz seçimi var. Gərək hər kəs öz işində düzgün olsun".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə