Politoloq: "Paşinyan debatda çox zəif bənd kimi çıxış etdi" AÇIQLAMA - ÖZƏL

"Bu gün səhərdən başlayaraq erməni KİV-ləri, politoloqlar, ekspertlər fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Paşinyanın səsləndirdiyi fikirlərini ciddi şəkildə tənqid edirlər. Məsələ burasındadır ki, Nikol Paşinyan müzakirəkələrdə istər tarixi, hüquqi biliklər baxımından, istərsə də ümumiyyətlə debat baxımından çox zəif bənd kimi çıxış etdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, debatda Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyəti Dağlıq Qarabağ danışıqlarının tarixi, beynəlxalq hüquq, bugünkü vəziyyət və ölkəmizin istəkləri haqqında net şəkildə məlumatlandırdı. Politoloq söyləyib ki, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafı ilə bağlı istəyi var və bu istək hər kəsə məlumdur: "Əsas məqsəd erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət əldə etməsidir".

Paşinyanın debatda səsləndirilən fikirlərə net formada cavab verə bilmədiyini deyən Z.Məmmədov qeyd edib ki, o ümumi formada cavab verərək bizim iki il müddətində eşitdiyimiz Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistan xalqlarının iştirakının vacibliyini bildirdi: "Onun münaqişənin həlli ilə bağlı fikirləri heç kimdə maraq doğurmadı. Hər halda bütün bu vəziyyət görünür ki, Ermənistan tərəfi status-kvonun saxlamasında maraqlıdır. Lakin rəsmi Bakının oturuşmuş mövqeyi var ki bu mövqe dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi yaxşı olardı ki, münaqişənin nizamlanması ilə bağlı artıq konkret olaraq hərəkətə keçsin. Çünki hər kəs bilir ki, bir qədər sonra Cənubi Qafqaz bölgəsindəki vəziyyət indiki kimi olmayacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə